Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinən Rüstəm Orucov, onunla birlikdə ittiham olunan Pərviz Abbasov və Kənan Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində baş tutan prosesdə zərərçəkmiş Sənan Səmədov məhkəməyə ərizə ilə müraciət edib.
O müraciət edərək bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayət və tələbi yoxdur. Zərərçəkmiş göstərib ki, hadisə zamanı təqsirləndiriləndən Pərvizlə Kənanın heç bir iştirakı olmayıb.
Daha sonra cinayət işi üzrə 3 şahid - Elçin Ağayev, Elxan Xəlilov və Əsgər Qasımov da dindirilib. Hər 3 şahid də təsdiqləyib ki, hadisə zamanı Kənanla Pərvizin görməyiblər.
Dispetçer Əsgər Qasımov deyib ki, Rüstəm Orucovla Sənan Səmədov hadisə zamanı kənara çəkiliblər və onların aralarında 20-25 saniyə söhbət olub. O, bu zaman onları gördüyünü, Sənanın isə yerə yıxıldığını deyib: "Orada söyüş olmadı, asayişin pozulması baş vermədi".
Rüstəm Orucovun vəkili Kamandar Nəsibovun sözlərinə görə, məhkəmə istintaqı başa çatmayıb: "İş üzrə dindirilməyən bir şahid qalıb. Həmin şahidin məhkəmədə dindirilməsi təmin ediləcək. Şahidlərin dindirilməsi mərhələsi başa çatandan sonra da sənədlərin tədqiqi mərhələsi başlayacaq. Bunlar da bitəndən sonra məhkəmə istintaqının başa çatması müzakirə ediləcək".
Prosesi sentyabrın 22-də davam edəcək.
İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.
Rüstəm Orucova əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Hadisənin digər iştirakçıları olan Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib, onlar polis nəzarəti qətimkan tədbirindədirlər.
Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən işləmiş, general-mayor Novruzəli Orucovun oğludur. Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.