25 Dekabr 2017 15:22
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinərək həbs edilən 1971-ci il təvəllüdlü Şəki şəhər sakini Elşad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elşad Hüseynov 21 yanvar 2017-ci il tarixdə Şəki şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı həbs edilib.

Şəki şəhərində 4 saylı məktəb binasının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilən Elşad Hüseynovun üstünə baxış keçirilib. Onun cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,76 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Elşad Hüseynova Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə ifadəsində Elşad Hüseynov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həmin gün spirtli içki içib, sonra yenidən mağazadan araq alaraq, Cavanşir adlı tanışı ilə birlikdə onlara gedib: “Cavanşirgildə yeyib-içdik, sonra o, ərzaq gətirmək üçün anasıgilə getdi. Mən də ağrıdığıma görə evdə yatdım. Bir müddət sonra həyətdən səs gəldi. Əvvəlcə gələnin Cavanşir olduğunu düşündüm.

Birdən evin qapısı qırıldı, polislər içəri girdi. Onlar məndən Rasim adlı şəxsin yerini soruşdular. Həmin şəxsi tanımadığımı bildirsəm də, dediklərimə məhəl qoymadılar. Məni polis şöbəsinə apardılar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, şöbədə baxış zamanı üzərindən kibrit qutusunda narkotik vasitə çıxıb: “Halbuki məndə narkotik vasitə olmayıb, üzərimdən çıxmış narkotik mənə aid deyil. Əgər mənim barəmdə həqiqətən narkotik vasitələrin istifadəsi, satışı barədə məlumat daxil olsaydı, polis yaşadığım evə də baxış keçirərdi. Heç bir cinayət əməli törətməmişəm. Barəmdə ədalətli hökm çıxarılmasını xahiş edirəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, narkotikin ona aid olmadığını bildirdiyi tədqirdə, evindən daha çox narkotik vasitənin “çıxarılacağından” qorxub: “Barəmdə həbs qətimkan tədbiri seçilərkən də polis əməkdaşlarının təzyiqlərindən qorxduğum üçün həqiqəti deməmişəm.

Mən hərdənbir Cavanşirgilə gedirdim. Həmin gün Cavanşirgilə gedəndə başqa heç kimlə rastlaşmamışam. Evdə yatdığım vaxt polis əməkdaşları qapını sındıraraq içəri daxil oldular. Üzərimə baxış polis şöbəsində keçirildi, onda da içkili olmuşam. Baxışdan əvvəl mənə vəkillərin siyahısı təqdim olunmadı.

Lakin həmin vaxt otaqda vəkil Musa müəllim və daha iki nəfər var idi. Üzərimdən telefon, yaylıq, əlcək, konfet, açar, siqaret, bir də kibrit qutusunu çıxarıb stolun üstünə qoydum. Cibimdə olan əşyaları özüm təqdim etdim.

Həmin vaxt kibrit qutusu cibimdən çıxdığına görə onun içindəki narkotik vasitənin mənə aid olduğunu bildirdilər. Polis şöbəsinə gələrkən yolda məndən yalnız Rasim adlı şəxsi soruşurdular. Məni narkoloji şöbəyə apardılar. Müayinə edən həkim məndən hər hansı dərman preparatları qəbul edib-etmədiyimi soruşmadı. Böyrəklərim xəstə olduğuna görə hər gün dərman qəbul edirəm. Spirtli içkini də böyrəklərim çox ağrıdığından ağrının qarşısını almaq üçün içirəm”.

Cinayət işi üzrə şahidq simində ifadə verən Cavanşir Rzayev bildirib ki, həmin gün Elşadla birlikdə 4 nömrəli orta məktəbin yanında rastlaşıb, bir az söhbət etdikdən sonra birlikdə onun evinə gəliblər: “Elşadla evdə yeyib-içdik. Sonra Elşada anamgilə gedəcəyimi bildirdim. Elşad isə böyrəyi ağrıdığını və buna görə yatıb istirahət etmək istədiyini bildirdi. Onu evdə tək qoyub, anamgilə getdim. Axşam saat 10 radələrində evə qayıtdım. Gördüm evin qapısı açıqdı, içəridə heç kim yoxdu.

Bir az sonra özümə yemək hazırlayarkən kiminsə pəncərəni döydüyünü eşitdim. Çölə çıxdıqda pəncərəni döyən şəxslərin polis əməkdaşları olduğunu gördüm. Əvvəldən tanıdığım Aslan müəllim rəisin məni çağırdığını bildirdi. Sonra Aslan müəllim rəis deyə müraciət etdiyi bir nəfərə zəng vurdu və danışandan sonra mənə səhər saat 10-da polis şöbəsinə gəlməli olduğumu bildirdi. Mən də səhəri gün şöbəyə getdim.

Orada məndən Rasim adlı şəxsi soruşdular. Mən də Rasim adlı şəxsi tanıdığımı, qohumum olduğunu və bir gün bizdə qaldıqdan sonra Bakı şəhərinə getdiyini bildirdim.

Polis şöbəsindən evə gəldim. İstifadə olunmadığına görə arxasına dəmir vurduğum evin digər qapısının sındırıldığını yalnız evi təmizləyəndə gördüm”.

Məhkəmə işin hallarını araşdırandan sonra Elşad Hüseynovun əməli sübuta yetirilməyib və ona bəraət verib.

Hökmdən narazı qalan prokuror Təbriz Musayev apelyasiya protesti verib, bəraət hökmünün ləğvini, təqsirləndirilən şəxsə ittiham hökmünün çıxarılmasını istəyib.

Prokurorun şikayəti Şəki Apelyasiya Məhkəməsində araşdırılıb. Protest təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər