Bakıda saxta pul əskinaslarını əldə etmə və satmada təqsirləndirilən Məhbubə Həsənova və onun qızı Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki qadının barəsində Cinayət Məclləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlara 7 il şərti cəza verilib.
İttihama görə, Məhbubə Həsənova tamah niyyəti ilə saxta pul əskinaslarını əldə etmə və satma ilə bağlı qızı Sədaqət Həsənova və onun yaxın münasibətdə olduğu Türkiyə vətəndaşı Cahid Akcanla cinayət əlaqəsinə girib.
Aralarındakı razılığa əsasən, Cahid Akcan Bakı-İstanbul avtobusu ilə saxta 14 min avronu Sədaqət Həsənovaya göndərib. Sədaqət Həsənova bu “pullar”ı yaşadığı Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 89, mənzil 76-da gizlədib. Ötən il dekabrın 28-də saxta pulları satmaq üçün “müştəri” də tapıblar. Lakin ana-bala elə iş başındaca yaxalanıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 204.2-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Sədaqət Həsənova ifadəsində təxminən 9 il öncə işləmək məqsədilə Türkiyəyə getdiyini, ərəb dilini səlis bildiyinə görə şirkətlərdən birində tərcüməçi işlədiyini, arabir Azərbaycana gəlib-getdiyini göstərib. O, 2015-ci ildən etibarən işi ilə əlaqədar olaraq tez-tez Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Həmin illərdə Türkiyə vətəndaşı Cahid Akcanla tanış olub, dini nikaha daxil olublar.
Özünün dediyinə görə, Cahid öz həyat yoldaşından boşanma ərəfəsində olduğundan, nikahlarını qanunla rəsmişləşdirə bilməyiblər.
Ötən ilin sentyabrında Sədaqət Həsənova ailəsini görmək üçün Azərbaycana gəlsə də, bir daha geri qayıda bilməyib. Buna səbəb isə tərcüməçinin saxta pul satmaq istəməsi və polis əməkdaşları tərəfindən saxlanılması olub.