“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Şəhla Abbasova tərəflərin sualları cavablandırıb.
O bildirib ki, işdən çıxandan sonra klinikada yoxlama tələb edib: "Biz işdən çıxmaq üçün ərizə yazdıq. Tələb etdik ki, yoxlama aparılsın. Lakin Leyla xanım buna imkan vermədi. Bir müddət sonra gördük ki, işimiz "Bandontel"dədir. İttihamda deyilir ki, guya biz sənədi məhv etmişik. Halbuki biz sənədləri monsardda saxlayırdıq. Sonra gəlib bizə akt tərtib etdilər ki, oranı boşaldaq. Sənədlərin orda saxlanması təhlükəliydi. Leyla Şıxlınskaya əmr verdi, biz də sənədləri ordan götürdük"
Şəhla Abbasova bildirib ki, 2011-ci ildə ildə yoxlama aparılıb: "Mən işdən çıxmaq istəsəm də daha 6 ay klinikada çalışmalı oldum. Leyla Şıxlınskaya yoxlama apardı. Hər şey yerli-yerində idi. Bizdən çox razı idi. Ona görə bizə mükafat da yazdılar".
Şəhla Abbasovanı sözlərinə görə, Leyla Şıxlınskaya gündə 5-10 dəfə ona zəng edirmiş: "Özü ölkədə oldu-olmadı zəng edirdi. İşlərlə maraqlanırdı. Bizdən çox razı idi".
Daha sonra təqsirləndirilən şəxs qismində ifadə verən Polad Əliyev də Leyla Şıxlinskayanın hər gün işləri yoxladığını deyib "Leyla xanım hər gün qeydiyyat şöbəsinə zəng edib, nə qədər pulun olub-olmadığını soruşurdu. Kamerayla baxırdı. Baş tibb bacısına zəng edib, palatalarda nə qədər xəstə olub-olmadığını soruşurdu. Bizə cinayət işi açılmazdan 6 ay qabaq yoxlama apardı. Bir qüsur çıxmadı. Bizə əlavə mükafat da verdi".
Polad Əliyev qeyd edib ki, klinikada baş mühasibin müavini vəzifəsində çalışıb: "Mənim işim siğorta şirkətləri ilə idi. Əmək haqlarını hesablayırdım, vergi hesablayırdım, balans edirdim. Sonradan bu cinayət işi başladı. Mənim adım orda çıxanda çox təəccübləndim. Özüm ordan bir qəpik də yeməmişəm. İttiham aktında baxıram, Leyla Şıxlınskaya bildirib ki, mənim 1 milyonumu qaytarmayıblar. İndi vəkili vasitəsi ilə deyirəm ki, biz onun 1 milyonunu yemişik ki, qaytaraq?"
Təqsirləndirilən şəxs bildirib ki, klinikada həkimlər 30 min manata yaxın maaş alırdılar: "Həmin pullar qara hesabdan çıxarılıb verilirdi. Lakin rəsmi maaş az göstərildi. Bunların hamısı Leyla Şıxlınskaya tapşırığı əsasında olub. Bizdə rəhbərlik tapşırıq veriridi. Yerinə yetirməliydik, çünki ordan çörək yeyirdik. Leyla Şıxlınskayanın qanunsuz əməllərinə görə işdən çıxdım. Bundan əvvəlm 2 dəfə ərizə yazmışdım, Leyla xanım cırıb atırdı. Klinikada 6 ay dözə bildim. Sonra özün çıxdım. Bir müddət sonra da barəmdə cinayət işi başlandı".
Digər təqsdirləndirilən Səkinə Qasımovanın sözlərinə görə, qəbul olunan pulları Nadejdaya təhvil verib: “Hamısı çekləri ilə qəbul edilib. Biz heç vaxt nə Poladla, nə də Şəhla xanımla işləyiridik. Pullar ya Nadejdaya, ya da Günel Abbasovaya gedirdi. Onların heç biri də təqsirləndirilən şəxs deyil”.
Təqsirləndirilən Aytən Hüseynova qeyd edib ki, klinikanın qeydiyyat şöbəsində çalışıb, pulları Nadejdaya verib: “Rəsmi maaşım 125 manat idi. Lakin paket alırdıq. Onunla birlikdə 500 manat əmək haqqı alırdıq. Paketi də bir başa Nadejdadan almışam. Bizim Şəhla xanımla işimiz yoxuydu. 2003-2013 ilə qədər klinikada çalışmışıq. Yoxlamalar aparılırdı. Lakin heç vaxt problem olmurdu”.
Təqsirləndirilən Mədinə Hüseynova ifadəsində bildirib ki, klinikada hazırda da çalışır: “İndi də həmin sistemlə işləyirik. Lakin proqram dəyişilliyi olub. Pul ödənən kimi iki nüsxədə qəbz çıxarılırdı. Biri xəstəyə verilir, biri də bizdə qalırdı. Kamera altında işləyirdik”.
Növbəti proses yanvarın 11-də davam edəcək.
“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.
Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.