“Bizim dövr” qəzetinin baş redakttoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Sərdar Əhmədov ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı şikayəti yoxdur. Bərdə Suvarma Sistemləri İdarəsində çalışdığını deyən Sərdar Əhmədov qeyd edib ki, 3-4 il əvvəl Hikmət Nəcəfli ona zəng edərək qəzetin çapına kömək etməsini istəyib: "Mən də indi yox, sonra kömək edə biləcəyimi dedim. Bir neçə ay sonra işçimiz poçtla pul göndərdi. Birinci dəfə 100 manat, sonra da əlavə pul verdik".
Sərdar Əhmədovun sözlərinə görə, Hikmət Nəcəflinin rəhbəri olduğu qəzetdən ona şantaj xarakterli zənglər edilib və barəsində yazı yazılacağı deyilib: "Zəng edirdilər ki, sizinlə bağlı bizə məlumat daxil olub. Əgər pul versəniz, yazı yazılmayacaq. Məndən 1000 manat istəyirdilər. Bunu verməyə imkanım olmadığını dedim. Deyirdilər ki, hansısa sahibkar şikayət edib. Xeyli zəngdən sonra Hikmətə 100 manat pul vermişəm"
Digər zərərçəkmiş Müşfiq Hüseynov da məhkəmədə bildirib ki, heç bir şikayət və tələbi yoxdur.
Məhkəmə bu epizodun qapalı keçirilməsini qərara alıb.
İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.
Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.
İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.