İrandan Azərbaycana narkotik və narkotik tərkibli dərmanları gətirməkdə ittiham olunan Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Xəqani Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Xəqani Məcidov 15 avqust 2016-cı ildə İranın Biləsuvar şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 3,430 qram tiryəki və satış məqsədilə qanunsuz olaraq 9 flakonda tərkibindəki tropikamidin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici “Mydrax”dərman preparatını əldə edib.
O, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə tiryəki sellofan bükümdə qablaşdırıb mikrosxemə yapışdırmaqla özünə məxsus mobil telefon qidalandırıcısının içərisində gizlədərək əl yükündə yerləşdirib.
Sonra “Mydrax” dərman preparatınının iki flakonunu corabların içərisinə, iki flakonunu əynindəki şalvarın cibi üzərində olan balaca cibdə və arxa cibinə, beş flakonunu isə əl yükünə qiyub.
Xəqani Məcidov 15 avqust 2016-cı ildə saat 18 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda nəzarətindən gizli və düzgün bəyan etmədən keçirməyə cəhd edib. Bu zaman o, gömürükçülər tərəfindən həbs edilib.
Xəqani Məcidovun barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəqani Məcidov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Apelyasiya şikayətində göstərib ki, birinci instansiya məhkəməsi ona ağır cəza təyin edib. O, hökmün cəza hissəsindən narazı olduğunu, barəsində heç bir yüngüllədirici halın nəzərə alınmadığını qeyd edib.
Şikayətçi birinci dəfə məhkumluğu, iki azyaşlı övladının olması, şəhid ailəsi olması, hüquqlarını bilməməsi, səmimi etirafını nəzərə alınmasını xahiş edib.
Xəqani Məcidovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiya şikayətin təmin edilməməsi barədə qərar verib.