Jurnalist Xədicə İsmayılın barəsində şərti məhkumetmə ilə əlaqədar təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından kənara çıxışına qoyulan qadağanın götürülməsinə dair məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Xədicə İsmayılın apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xədicə İsmayıl apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
2016-cı ilin mayın 25-də Ali Məhkəmə Xədicə İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa çıxıb.
Xədicə İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apelyasiya şikayəti verib.