Suriya və İraqda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Elşən Adilovun kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Elşən Adilovun cəzası 14 ilə endirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Adilobv 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi Elşən Adilovun apelyasiya şikayətini təmin etməyib. Bundan sonra o, kasasiya şikayəti ilə Ali Məhkəməyə üz tutub.
İttihama görə, Elşən Adilov Suriya və İraq ərazilərində hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişələrdə cinayətkar birlik (təşkilat) halında iştirak etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Əbu Ömər ləqəbli şəxsin dəvəti və istiqamətləndirməsi əsasında 15 sentyabr 2014-cü il tarixdə avtobusla Gürcüstana, oradan isə Türkiyənin İstanbul şəhərinə gedib.
Elşən Adilov 21 sentyabr 2014-cü il tarixdə Türkiyənin Gaziantep şəhəri istiqamətindən şəxsiyyəti istintaqa məlum olmayan “Xalid” adlı şəxsin köməyi ilə sərhədi qanunsuz yolla Suriya ərazisinə keçib.
O, Suriya və İraq ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “İraq-Şam İslam Dövləti” adlı cinayətkar birliyin həmin dövlətin Meyəddin şəhərinin kənarında yerləşən Makar adlı gözləmə məntəqəsinə gəlib.
15 gün orada qalan Elşən Adilov sonra İraqın Əl-Kaim şəhərinə gedib. Orada cinayətkar birliyin (təşkilatın) dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə məqsədi ilə yaratdığı “Seyfulla” ləqəbli şəxsin rəhbərlik etdiyi “Tabuk camaatı” adlı sabit silahlı qrupa qoşulub. Elşən Adilov orada terrorçuluqla bağlı təlimlərdə iştirak edib.
Lakin 2014-cü ilin oktyabr ayının sonlarında “İraq-Şam İslam Dövləti” adlı cinayətkar birliyin tərkibinə daxil olan “Tabuk camaatı” adlı sabit silahlı qrupun yerləşdiyi İraq Respublikasının Əl-Kaim şəhərinə “İraq-Şam İslam Dövləti”nə qarşı mübarizə aparan Koalisiya qüvvələri tərəfindən növbəti hava hücumu zamanı Elşən Adilov qəlpələrin təsirindən yaranan qida borusu və traxeya zədəsi alıb.
Elşən Adilov 21 yanvar 2015-ci il tarixdə İraqdan Suriyaya, oradan da Türkiyənin İstanbul şəhərinə gəlib. Yanvarın 22-də təyyarə ilə Rusiya Federasiyasının Kazan şəhərinə uçub, iyunun 11-də Azərbaycana qayıdıb.
Burada Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.