Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində çıxarılmış hökmdən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə vəsatət verib.
Vəkil bildirib ki, Elçin Quliyevin işində dövlət sirrini təşkil edən məlumatlar var: "Bu səbəbdən birinci instansiya məhkəməsində bir sıra faktlar araşdırılmayıb. Buna görə də prosesin qapalı keçirilməsini və onun video-çəkilişlə aparılmasını istəyirik".
Prokuror vəsatətin təmin edilməməsini istəyib. Elçin Quliyev bildirib ki, birinci instansiya məhkəməsində prosesin qapalı keşirilməsi barədə həm şifahi, həm də yazılı ərizə ilə müraciət edib: "Həmin ərizəm vəkilim vasitəsi ilə hakimə təqdim edilib. Proses qapalı keçirilmədi, bu səbəbdən bəzi dövlət sirlərinin yayılmasına səbəb oldu. İşin obyektiv araşdırılması üçün prosesin qapalı keçirilməsini istəyirəm".
Hakim vəsatəti təmin etməyib.
Vəkil qeyd edib ki, "Şimal küləyi" və "Qərb qütbü" əməliyyatlarına ayrılan vəsaitlə bağlı Elçin Quliyevə ittiham verilib. Vəkilin sözlərin görə, pulların ayrılması və həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var: "Bu işlə bağlı heç bir araşdırma aparılmadan Elçin Quliyevə 7 milyon 736 min 58 manat ittiham verilib. Xahiş edirik ki, bu məsələnin araşdırılması ilə bağlı ekspertiza təyin edəsiz".
Elçin Quliyev özü də bu məsələ ilə bağlı danışıb: "Məndən heç kim soruşmadı ki, hansı agentə nə qədər pul vermişəm. Bu pulların verilməsi ilə bağlı Maliyyə idarəsinin məlumatı olmayıb, ola da bilməz. Mən bu barədə rəhbər şəxslərə deyə bilərəm. Bu məsələ Maliyyə idarəsinin arayışı əsasında araşdırılıb".
Elçin Quliyev bildirib ki, mərhum müavini, polkovnik İlqar Əliyevin öz agenti olub: "Mən də onun agentlərini tanımamışam. Nazirin də, nazir müavinin də öz agenti olub. Bu iş məxfi saxlanılıb. Mən dövlətin pulunu mənimsəməmişəm. Əgər bu qədər pulu mənimsəsəydim, villalarım, obyektlərim olardı. Bu gün banka borcum var".
Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb.
Elçin Quliuevin vəkili həmçinin MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə düzgün araşdırma aparılması, bununla bağlı mütəxəssisin rəy verməsini istəyib. Hakim bu vəsatəti də təmin etməyib.
Qeyd edək ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.
Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub.
Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.
Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi general Elçin Quliyev cavabdeh olaraq tanınıb.