20 İyun 2018 11:16
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda anasını bıçaqlamaqda təqsirli bilinən 1998-ci il təvəllüdlü Rauf Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Göygöl rayonunda 1959-cu il təvəllüdlü Mötəbər Yusibova öz oğlu Rauf Əsgərov tərəfindən bıçaqlanıb.

Hadisə mübahisə zəminində qeydə alınıb. Ana qonşuya qaçmaq istəsə də, oğlu onların evi yaxınlığında anasına çatıb və qadını qarın nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Mötəbər Yusibovanın həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, sözügedən qadın bir neçə il əvvəl həyat yoldaşı tərəfindən də bıçaqlanıb. O, həmin vaxt Göygöl rayon xəstəxanasında müalicə olunub. Bu dəfə isə qadını böyük oğlu bıçaqlayıb.

Qadının iki oğlu var və onların hər ikisi spirtli içki aludəçisidir. Ailə başçısı vəfat etdikdən sonra onların dolanışıqlarında çətinliklər yaranıb. Qadının hadisəni törədən oğlu tez-tez anasından içki almaq üçün pul istəyirmiş.

Bütün bunlardan təngə gələn ana növbəti belə bir hal yaşanan zaman oğlundan içkini tərgitməsini, hər dəfə ona verəcək pulunun olmadığını deyib.

Lakin sərxoş halda olan oğul əsəbi şəkildə bıçağa əl ataraq onu vurub.

İstintaq orqanı tərəfindən Rauf Əsgərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Rauf Əsgərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər