23 Avqust 2018 11:12
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda evlərdən pul və qızıl oğurlayan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Şabran rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov saxlanılıb.

Dindirilmə zamanı Murad Məmmədov törətdiyi cinayət əməllərini etiraf edərək, sahiblərinin evdə olmadığı vaxtlarda pəncərədən daxil olaraq evlərdən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.

Aparılan tədbirlərlə məlum olub ki, o, iyul ayında şəhər ərazisində yerləşən evlərin birindən 2970 ABŞ dolları, 850 manat və qızıl-zinət əşyaları, avqust ayında isə iki evdən 5000 rubl, 150 manat, 100 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayaraq ev sahiblərinə ümumilikdə 10 min manatdan çox maddi ziyan vurub.

Murad Məmmədov oğurladığı qızıl-zinət əşyalarının bir qismini Bakı və Sumqayıt şəhərlərindəki qızıl alqı-satqısı məntəqələrinə dəyərindən ucuz satıb, digər qismi isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Murad Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər