21 Sentyabr 2018 09:59
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin adından istifadə edərək dələduzluqda təqsirli bilinən Elşad Atakişiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmçədovun sədrliyi ilə baş tutan prosesdə Elşad Atakişiyevin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Növbəti proses sentyabrın 27-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Atakişiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən Elşad Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Elşad Atakişiyev həbsdə olan bir qrup şəxsin qohumlarına qarşı dələduzluq edib. O, baş prokurorun və digər vəzifəli şəxslərin adından istifadə edib.

Elşad Atakişiyev özünü hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin qohumu kimi təqdim edib, həbsdə olan şəxslərin azad olunmasına köməklik göstərəcəyinə dair vəd verib. Dələduzluqla üzləşənlərdən biri də Masallı rayon sakini Səadət Məmişovadır.

Elşad Atakişiyev Səadət Məmişovaya özünü baş prokurorun kirvəsi kimi təqdim edib, onun 2012-ci ildə məhkum olunan həyat yoldaşı Namiq Məmişovun azadlığa çıxmasına köməklik edəcəyinə vəd verib.

O bu işi görmək üçün Səadət Məmişovadan 20 min manat verib. Elşad Atakişiyev digər zərərçəkmişləri də eyni üsulla aldadıb və onların pullarını ələ keçirib. Cinayət işi üzrə 10-dan çox zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov