Bakının Sabunçu rayonunda ana və qızını güllələyən 1997-cu il təvəllüdlü Elçin Qədimovun həbs qətimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti təmin edilib.
Əlavə istintaq hərəkətləri aparılması üçün Elçin Qədimovun həbsdə saxlanma müddəti daha 2 ay artırılıb.
İttihama görə, bu il mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qəsəbə sakini Elçin Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı, 17 yaşlı Aytən və onun anası, 55 yaşlı Esmira Cəfərovalara xəsarət yetirib və hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilmiş Aytən orada ölüb, anasına tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Qədimov saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.
O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.
Bildirib ki, ailəsi bir neçə gün əvvəl Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Əvvəlcə Cəfərovlar qızı Sabir Qədimova versələr də, sonradan məsələ pozulub. Bu səbəbdən mayın 31-də, axşam saatlarında Elçin Qədimov Aytən Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib.
Elçin Qədimov qızın onunla nişanlanacağını, onunla evlənəcəyini deyib.
Aytən Cəfərova ilə mübahisədən sonra Elçin Qədimov evlərinə qayıdıb. O, babasına məxsus ov tüfəngini götürərək geri dönüb, Aytənlə yenidən mübahisə edib. O, tüfəngi atəş vəziyyətinə gətirən zaman qızın anası qabağa keçib. 21 yaşlı oğlan həm qızı, həm də anasını güllələyib.
İstintaq orqanı tərəfindən Elçin Qədimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Hazırda Sabunçu rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.