Bakıda tanışını öldürməyə cəhd etməkdə və polislərə müqavimət göstərməkdə təqsirləndirilən Ələkbər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Ələkbər Əhmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sentyabrın 7-də keçirilən prosesdə çıxış edən prokuror Ələkbər Əhmədovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Zərərçəkən Cavad Bağırzadənin məhkəməyə göndərdiyi məktubunda təqsirləndirilən şəxsi bağışladığını, şikayət və tələbinin olmadığını qeyd edib.
İttihama görə, Yasamal rayonunda Ələkbər Əhmədov aralarında yaranmış mübahisə zamanı Cavad Bağırzadəni kürətindən bıçaqlayıb.
Daha sonra isə onu saxlamağa gələn polis əməkdaşlarına müqavimət göstərib və bıçaqla özünə xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Ələkbər Əhmədovun barəsində Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 315-ci (polis nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə ittiham elan edilib.