9 Oktyabr 2018 15:04
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Vüqar Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin əvvəlində Abşeron rayonunun Saray qəsəbəsində Vüqar Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib.

Onun yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib.

Bu zaman Muğam Şakirov Vüqar Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub.

Yumruq zərbələrindən Muğam Şakirov yerə yıxılıb. O, aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Vüqar Hüseynov polis tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Vüqar Hüseynov "Kürd Vüqar" ləqəbi ilə tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər