Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, 2018-ci ilin 10 oktyabr tarixində saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.
Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sərhəd zastavasına gətirilib, onların üzərinə baxış keçirilərkən 1 ədəd qara rəngli əl çantasının içərisində 6 ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilib.
Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib, onların İran İslam Respublikası vətəndaşları - 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olub.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.