Sumqayıtda orta məktəb şagirdinin ölümündə təqsirli bilinən 1967-ci il təvəllüdlü Zəngilan rayon sakini Qəfər Hacıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev 13 may 2013-cü il tarixdə məktəbin 11"b" sinif şagirdi Azad İlyasov və digər 15-20 nəfər şagirdin dərsə gecikməsi hallarının qarşısını almaq məqsədi ilə cəza tətbiq etmək qərarına gəlib.
O, çoxsaylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş verib. Həmin göstərişin yerinə yetirilməsi üçün stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olan Azad İlyasov yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq Azad İlyasov ürək çatışmazlığından ölüb.
Azad İlyasov 19 oktyabr 2011-ci il tarixdən Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olub.
Qəfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsində Qəfər Hacıyevin təqsiri sübuta yetirilməyib və buna görə də onun barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən bir müddət əvvəl Baş Prokurorluq apelyasiya protesti versə də, Sumqayıt Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Prokurorluq məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə prokurorluğun protestini təmin edib, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Bu dəfə protest hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.
Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Sumqayıt Şəhər Məhkəməsinin bəraət hökmü ləğv edilib və Qəfər Hacıyevin barəsində ittihamedici hökm çıxarılıb.
Yeni hökmə əsasən, Qəfər Hacıyev Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinib. O, 1 il müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Bu qərardan Qəfər Hacıyev kasasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bu gün Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, Qəfər Hacıyevin kasasiya şikayəti təmin edilməyib.