Samux rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 10-na təyin olunub.
İttihama görə, Rəşad Məhərrəmov bu il iyunun 17-də Samux rayonunun Ağasıbəyli kəndində həmkəndlisi, 1966-cı il təvəllüdlü İntiqam Əhmədovu öldürüb.
Rəşad Məhərrəmov kənd ərazisində olan kafedə İntiqam Əhmədovla yeyib-içiblər.
Daha sonra keflənən həmkəndlilər arasında mübahisə yaranıb. Rəşad Məhərrəmov masanın üzərində olan bıçağı götürərək İntiqam Əhmədovun ürək nahiyəsinə sancıb.
Qeyd edək ki, Rəşad Məhərrəmov Ağasıbəyli kəndində qazpaylayıcı stansiyada nəzarətçi işləyib. İntiqam Əhmədov da həmin stansiyada fəhlə olub.
İstintaq orqanı tərəfindən Rəşad Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.