17 Yanvar 2019 14:26
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda silsilə cinayətlər törədən Gülnarə Novruzovanın barəsində olan cinayət işi üzrə istintaq hərəkətləri davam edir.

Teleqraf.com xəbər verir ki, ötən ilin yayında oğurluq etdiyinə görə tutulmuş Gülnarə Novruzovanın daha bir cinayətinin üstü açılıb.

Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini olan bir qadının çantasından 225 manat və 100 ABŞ dolları oğurladığı müəyyən edilib.

Məlum olub ki, Gülnarə Novruzova 2017-ci ilin dekabrın 25-də həmin qadına qarşı cinayət törədib.

Qeyd edək ki, Gülnarə Novruzova ötən ilin noyabrın 7-də Səbail rayonunda həbs edilib. Rayon ərazisində yerləşən gözəllik salonlarından birində müştəri olan qadının çantasından 9000 manat oğurlanıb.

Zərərçəkən bu barədə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb. Oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb.

O, ifadəsində oğurluq etdiyini təsdiqləyib.

Əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, Gülnarə Novruzova əsasən, qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq şəxsi əşyaları və pulları ələ keçirib.

Onun Yasamal rayon ərazisində bir qadının çantasından 380 manat və sənəd oğurlaması müəyyən edilib.

Bundan əlavə, Xətai rayon Polis İdarəsində aparılan araşdırma zamanı onun rayon ərazisində daha bir qadının 700 manatını və sənədlərini oğurladığı aşkarlanıb.

Gülnarə Novruzovanın digər cinayətlər törətməsi də istisna olunmur.

Hazırda Gülnarə Novruzovanın barəsində hüquq-mühafizə orqanlarında istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov