21 Yanvar 2019 17:17
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Kənan Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Kənan Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib. Bakı şəhər sakini Kənan Əsgərov münaqişə zəminində tanışı Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəyə səbəb pul üstündə mübahisə olub. Kənan Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb. Bir müddət sonra Vüqar Cəfərov İsrafilə veriləsi 100 manatın ona çatacağını deyib.

Lakin Kənan Əsgərov bununla razılaşmayaraq, pulu İsrafilə qaytaracağını bildirib.

Daha sonra Vüqar Cəfərov Kənan Əsgərovun ünvanına söyüş söyüb. Tərəflər arasında əlbəyaxa dava olub. Kənan Səfərov üzərində gəzdirdiyi bıçaqla Vüqar Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman keçinib.

Müəyyən edilib ki, Kənan Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb. Hətta sonuncu cinayətini törətdiyindən bir müddət əvvəl Nizami rayon Məhkəməsinin hökmü ilə şərti azadlığa buraxılıb.

İstintaq orqanı tərəfindən Kənan Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov