6 Fevral 2019 16:41
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hal şahidi olmuş Ceyhun Məmmədov ifadə verib.

O bildirib ki, hadisə zamanı bir avtomobil yanıb, digəri isə əzilib: “Bir nəfər də ölən vardı. Hadisə yerinə baxdım. Mənə dedilər ki, şahid kimi protokola qol çək, mən də çəkdim”.

Təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov qeyd edib ki, şahidin şəxsiyyət vəsiqəsinin müddəti bitib. Vəkilin sözlərinə görə, Ceyhun Məmmədov müddəti bitən vəsiqə ilə şahidlik edib, kimliyi müəyyənləşdirilib. Vəkil bu faktın qanunsuz olduğunu söyləyib.

Şahid isə deyib ki, vaxtı olmadığı üçün vəsiqəsini dəyişməyib.

Məhkəmədə məlum olub ki, şahid Ceyhun Məmmədov hadisə vaxtı məhkəmə qərarı ilə axtarışda verilib. Buna səbəb onun aliment ödəməkdən boyun qaçırması olub.

Vəkil şahiddən soruşub ki, başqa cinayət işlərində şahid kimi tanınıbmı? O isə cavabında heç vaxt hal şahidi olmadığını deyib.

Ancaq məlum olub ki, Ceyhun Məmmədov narkotiklə bağlı həbs edilən şəxsin məhkəməsində da hal şahidi olub. Eyni zamanda bir neçə məhkəmə işlərində da şahidlik edib.

Sonra Binəqədi rayon Polis İdarəsinin müstəntiq Fazil Osmanov ifadə verib.

Onun sözlərinə görə, hadisə yerinə baxış zamanı müəyyən olunub ki, “Range Rover” markalı avtomobil təhlükəli döngəni nəzərə almayıb və qarşıdan gələn avtomobili görməyib. Nəticədə bu hadisə baş verib: “Növbətçi hissənin məlumatı əsasında hadisə yerinə çıxmışam. Protokolu gecə hadisə yerində tərtib etdik”.

Sonra müstəntiq vəkillərin suallarını cavablandırıb.

Müstəntiq hal şahidinin axtarışda olması, başqa cinayət işlərində şahidlik etməsindən xəbərsiz olduğunu deyib.

Növbəti proses fevralın 13-də davam edəcək.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər