Bakıda dələduzluqda təqsirləndirilən Rəşad Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Rəşad Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, Rəşad Novruzov İ.Bağırova qarşı 116 min manatlıq dələduzluq edib.
İxtisasca hüquqşünas olan Rəşad Novruzov zərərçəkmişdən həmin məbləği lombard açmaq adı ilə alıb.
O, lombardı açandan sonra bir müddət işlədib, daha sonra İ.Bağırovun 116 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Rəşad Novruzovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Rəşad Novruzov əvvəllər də məhkumluq həyatı yaşayıb.