12 Aprel 2019 11:30
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin mühəndisi vəzifəsində işləmiş Həbib Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Həbib Alıyev Maştağa qəsəbəsi sakininə fərdi yaşayış evinin tikintisinə razılıq verəcəyini vəd edib, ondan 3000 manat alaraq ələ keçirib.

Bundan başqa, fərdi yaşayış evlərinin tikintisinə razılıq almaq adı ilə Pirşağıda 2, Maştağada 3, Kürdəxanıda isə 3 nəfərə qarşı dələduzluq edib.

İstintaq sənədərlərinə görə, Həbib Alıyev Pirşağı qəsəbəsindən olan 2 nəfərin hər birindən 12 min və 10 min, Maştağa qəsəbəsindən olan daha 3 nəfərin hər birindən 5 min, 4 min, 3 min, Kürdəxanı qəsəbəsindən olan 3 nəfərin hər birindən 5 min, 6 min, 2 min manat alıb.

İstintaq orqanı tərəfindən Həbib Alıyevin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) , 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə araşdırıb. Hakim hökmdə qeyd edib ki, təqsirləndirilən şəxslərə ittihamda göstərildiyi kimi xeyli miqdarda ziyan vurmayıb.

Bu səbəbdən ittihamdan “xeyli miqdarda” sözləri xaric edilib.

Hökmə əsasən, Həbib Alıyevin barəsində 1 il 5 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Məhkəmənin qərarı ilə Həbib Alıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onun barəsində iltizam qətimkan tədbiri seçilib, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını, həmçinin ittihama “xeyli miqdarda” dələduzluq etmək sözlərinin əlavə edilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə prokurorun protesti qismən təmin olunub.

Qərara görə, Həbib Alıyevin barəsində olan ittihama “xeyli miqdarda” dələduzluq etmək sözləri əlavə edilib.

Hakim heyəti Həbib Alıyevin cəzasında dəyişiklik etməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər