Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirli bilinən 1972-ci il təvəllüdlü Vahid Abdullayevin barəsində ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, Bakı Metropoliteninin "Nəsimi" stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Elnarə Quliyeva sevgilisi Vahid Abdullayev tərəfindən bıçaqlanıb.
Yaralı vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.
Vahid Abdullayev Elnarə Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.
İstintaq orqanı tərəfindən Vahid Abdullayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.