9 Sentyabr 2014 14:49
3 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayon sakini, 1987-ci il təvəllüdlü Vasif İsmayılov əxlaqsızlıqla məşğul olan bacısı, iki uşaq anası Hədiyyə İsmayılovanı öldürüb. Teleqraf.com-un araşdırmasına görə, hadisə 4 noyabr 2013-cü ildə baş verib.

Vasif İsmayılov bacısı Hədiyyənin əxlaqsızlıqla məşğul olduğunu bilib. O, deyib ki, bacısının bu hərəkətinə görə ailələri kənd camaatı arasında rüsvay olub. Buna görə də bacı və qardaş arasında mübahisə yaranıb.

O, bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evin mətbəxindən bıçaq götürən Vasif divanda uzanan bacısına ardıcıl olaraq üç bıçaq zərbəsi vurub. Hədiyyə İsmayılova aldığı zərbələrin təsirindən yerindəcə ölüb.

“Həmin oğlanı bacım ilə birgə evində tutub saxlamaq istəyib”

Vasif İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Vasif İsmаyılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Vаsif İsmayılov bildirib ki, 4 noyabr 2013-cü ildə, saat 23.00-da bacısı Hədiyyənin qaynı Tural Yəhyayev ona zəng edib: “Tural Hədiyyənin yaşadığı evə oğlan dəvət etdiyini deyib. Tural həmçinin bildirib ki, o, həmin oğlanı Hədiyyə ilə birgə tutub saxlamaq istəyib. Amma həmin oğlan. Vasif dərhal mətbəxdən bıçaq götürüb və gödəkcəsinin cibinə qoyaraq atası Məmmədlə bacısıgilə gedib.

“Məqsədim bacımın yanına gələn oğlanı cəzalandırmaq olub”

Təqsirləndirilən şəxsin sözlərinə görə, atasının onun bıçaq götürməsindən xəbəri olmayıb: “Bıçağı götürməkdə məqsədim bacımın yanına gələn oğlanı cəzalandırmaq olub. Atam ilə bacımgilə çatdıq. Bacımın əri, qaynı və qaynanası bizim üstümüzə düşdülər. Onlar ailəmizin normal ailə olmadığını, bacımın lazimi tərbiyə almadığını, ərli qadın olsa da, əxlaqsızlıqla məşğul olduğunu bildirdilər. Onlar bacımın yaşadığı evin otaq pəncərəsini göstərdilər və bacımın yanında aşkar etdikləri oğlanın həmin pəncərənin şüşəsiz yerindən çıxararaq qaçdığını bildirdilər”.

“Bacım başqa oğlanla intim münasibətdə olduğunu bildirdi”

Vasif İsmayılov qeyd edib ki, Hədiyyəni evlərinə gətiriblər: “Deyilənlər məni çox sarsıtmışdı. Buna görə bacımdan deyilənlərin doğru olub-olmadığını soruşdum və məsələyə aydınlıq gətirmək istədim. Həmin vaxt Hədiyyə otaqda uzanıqlı vəziyyətdə idi. Bir neçə dəqiqə gözlədim, anam ilə atam otağı tərk etdilər. Bacım bir az özünə gəldikdən sonra ona yaxınlaşdım və divanda uzanıqlı vəziyyətdə olduğu zaman yenidən həqiqətən deyilənlərin doğru olub-olmadığı, kiminləsə görüşüb-görüşmədi barədə suallar verdim. Bacım da cavabında səmimi olaraq deyilənlərin doğru olduğunu, Qəbələ rayonunun hansısa kəndindən olan və iki həftə əvvəldən mobil telefon vasitəsi ilə tanışlığı yaranmış bir nəfər cavan oğlanın evlərinə gəldiyini, həmin oğlanla intim münasibətdə olduğunu bildirdi”.

“Namus ləkəsini görə onu öldürməkdən başqa yolum yox idi”

Təqsirləndirilən şəxsin bildirdiyinə görə, bacısı başqa oğlanla görüşdüyünün etiraf edəndən sonra əsəbləşib: “Cibimdə olan bıçağı çıxardım. Çarpayıda uzanıqlı vəziyyətdə olan bacım tərpənməsin deyə bir əlimlə onun başından tutdum, digər əlimlə bıçaq zərbələri vurdum. Həmin vaxt əsəbi və həyəcanlı vəziyyətdə olduğumdan neçə bıçaq zərbəsi vurmаğım yadımda qalmayıb. Bacımı vurandan sonra otaqdan çıxdım və Daxili İşlər Nazirliyinin “102” xidmətini yığaraq məlumat vermək istədim. Amma həmin xidmətlə əlaqə yarada bilmədim. Oğuz rayon Polis Şöbəsinə gedərək törətdiyim cinayəti etiraf etdim. Bacımı öldürdüyümə görə çox peşmanam. Bunun əzabını çəkirəm. Lakin hesab edirəm ki, ailəmizin adını təmizə çıxarmaq, üzərimizdən namus ləkəsini götürmək üçün bacımı öldürməkdən başqa yolum yox idi”.

“Qaynatam Məmməd mənə kişi olmadığımı dedi”

Məhkəmə mərhum qadının həyat yoldaşı Bəhlul Yəhyayevi şahid qismində dindirib. Bəhlul Yəhyayev bildirib ki, axşam saat doqquzdan səhər saat doqquza kimi Oğuz rayonu Bayan kəndi ərazisində “Palma” restoranında gözətçi işləyir: “Noyabrın 4-də qardaşım Tural mənə zəng edərək “sənin evində adam tutmuşam, Bayan dairəsinə gəl” dedi. Bundan sonra Turalın dediyi yerə gəldim. Tural evimdə bir nəfər cavan oğlanı tutduğunu, həmin oğlanın qaçıb getdiyini bildirdi. Tural baş verənləri mənə və bizə gəlmiş arvadımın qohumlarına çatdırdı. Qaynatam Məmməd mənə kişi olmadığımı, ailəmə sahib çıxmadığımı dedi. Mən isə cavabımda ailəmə bir tikə çörək qazanmaqdan ötrü gecələr işlədiyimi, günahın qızında olduğunu bildirdim. Qardaşım Tural ilə birlikdə iki azyaşlı qız övladımı da götürərək Bayan kəndindəki ata evinə gəldik. Bundan sonra baş verənlərdən xəbərim olmayıb. Polis şöbəsində bildirdilər ki, Hədiyyənin qardaşı Vasif İsmayılov öz yaşadığı ata evdə Hədiyyəyə bıçaqla bir neçə zərbə vuraraq öldürüb. Vasifin hərəkətinə haqq qazandırıram. Ömür boyu “binamus” damğası ilə yaşamaqdansa, əxlaqsız bacını öldürüb həbsxanada cəza çəkmək yaxşıdır”.

Məhkəmə Tural Yəhyayevin ifadəsini alıb. O, qardaşı arvadının başqa bir oğlanla intim münasibətdə olmasını gördüyünü deyib. Bütün tərəfləri dinləyən hakimlər sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Vasif İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Vasif İsmayılov apelyasiya şikayəti verib. O, şikayətində məhkəmənin hökmünün daha ağır olduğunu qeyd edib. Vasif İsmayılov cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Hakimlər tərəflərin şikayətini dinləyəndən sonra qərar elan ediblər. Qərara görə, Vasif İsmayılovun apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Vasif İsmayılovun cəzasından 1 il çıxıb və onun barəsində qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər