6 Avqust 2019 15:20
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin cəzalarının daha yüngül cəza ilə əvəz olunması barədə verdiyi kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi barədə verdikləri şikayət təmin edilməyib.

İttihama görə, ötən ilin avqustunda Sabunçu rayon Polis İdarəsinin əməkdaşları özünü polis əməkdaşı kimi təqdim edən şəxsləri həbs edib.

Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri - Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub.

Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər.

Həmin şəxslər şantaj etdikləri şəxsləri həbs etmək və barələrində cinayət işi başlanılması ilə hədələyiblər.

Dəstə üzvləri Fazil Qədimov, İmran Orucov, Məmmədəli Novruzov və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun küli miqdarda pullarını ələ keçiriblər.

Həbs edilən Hikmət Ağayev bundan əvvəl dələduzluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər