Bu gün Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Astara rayon sakinləri Kamran Əliyev və Seymur Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətiriblər. Onlar Lənkəran şəhərinin ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə ittiham olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Əliyev 7 il, Seymur Məmmədov 7 il 1 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayəti veriblər.
Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarılıb.
Məhkəmə Seymur Məmmədova ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsif edilib. Həmin maddəyə əsasən Seymur Məmmədova 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamran Əliyyevə də Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilib. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilib və ona 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Məhkəmə həmçinin Kamran Əliyevin ittihamından “Məmmədov Seymur Yavər oğlu ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmələri”nə dair müddəanı hökmdən xaric edib.
Hacı Zeynalov