14 Sentyabr 2019 15:47
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə quldurluq hadisəsi törədən Yusif Kazımov və Vəli Şəfiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Xaqani Səmədovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, hadisə bu ilin mayında Şəmkir rayonun Aşağı Seyfəli kəndində baş verib.

Təqsirləndirilən şəxslər kənd sakini Gülnarə Qasımovanın yaşadığı evə girib, onun əl-qolunu bağlayaraq evdən pul və qızıl əşyaları aparıblar.

Hadisədən sonra Samux rayonunun Qarayeri qəsəbə sakinləri - 28 yaşlı Yusif Kazımov və 31 yaşlı Vəli Şəfiyev polis tərəfindən saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxslər bir müddət əvvəl zərərçəkənin qohumu ilə tanış olublar.

Söhbət əsnasında Gülnarə Qasımovaya Rusiyadan pul göndərildiyini öyrəniblər.

Qarət planı hazırlayan Yusif Kazımov və Vəli Şəfiyev gəldikləri avtomobili evdən bir qədər aralıda saxlayaraq hədəf seçilən ünvana piyada hərəkət ediblər.

Qarətçilər evdən 3 min rus rublu, 3 min manat dəyərində qızıl-zinət əşyası və 1 ədəd mobil telefon oğurlayıblar. Onlar mobil telefonu sındırıb, yolun kənarına atıblar, qızıl-zinət əşyalarını isə Gəncədə sataraq pulunu öz aralarında bölüblər.

İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov