Bakıda oğurluqda və kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Səddam Nəzərli dəymiş zərərlə bağlı göstərilən məbləğin şişirdildiyini deyib. O bildirib ki, 40 min manat pul ələ keçirib.
Baxış iclası sentyabrın 30-na təyin edilib.
Qeyd edək ki, Səddam Nəzərli ötən ilin dekabrında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb.
O, xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların müştərilərinə məxsus kartlardan külli miqdarda pulun şəxsi hesablara köçürülməsi və nağdlaşdırılmasında ittiham edilir.
Saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.
Rəsmi məlumata görə, onun, ümumilkdə, 700 min manata yaxın məbləği oğurladığı məlum olub.
İstintaq orqanı tərəfindən Səddam Nəzərlinin barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə ittiham elan edilib.
Bakı şəhər sakini Səddam Nəzərli əvvəllər də məhkum olunub.