Sumqayıt şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Coşqun Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Coşqun Hüseynov 25 fevral 2018-ci ildə saat 20 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində tanışları Emin Ömərlə İbrahim Cəfərovun onun atası İslam Hüseynovu döydüklərini, eyni zamanda İbrahim Cəfərovun İslam Hüseynova bıçaqla xəsarət yetirdiyini görüb.
Coşqun Hüseynov yaxınlaşaraq üzərində gəzdirdiyi bıçaqla İbrahim Cəfərova və Emin Ömərə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Hər iki yaralı vaxtında xəstəxanmaya çatdırıldığı üçün onların həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Coşqun Hüseynov həbs edilib.
İstintaq orqanı tərəfindən Coşqun Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Coşqun Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Coşqun Hüseynov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Coşqun Hüseynovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Məhkəmə Coşqun Hüseynovun şikayətini qismən təmin edib və onun cəzasını 6 il 6 aya endirib.