Şirvan şəhərində qanlı cinayət törətməkdə ittiham olunan 1969-cu il təvəllüdlü İlyas İlyasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, İlyas İlyasov tanışı Şirazi Abuşovla Şirvan şəhərində yaşayan Əli Əliyevin evinə gəlib. O və tanışı Əli Əliyevin mənzilində içki içdikdən sonra sərxoş vəziyyətə düşüb.
Bu zaman İlyas İlyasov və Şirazi Abuşov Əli Əliyevdən ağrıkəsici dərman istəyiblər. Dərman vermədiyini əsas gətirib, onunla mübahisə ediblər.
Mübahisə zamanı İlyas İlyasov Əli Əliyevi döyərək ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Həmin vaxt Şirazi Abuşov da Əli Əliyevin bədəninin müxtəlif nahiyələrindən vurub.
Bundan başqa, İlyas İlyasov şəxsiyyəti məlum olmayan bir nəfərlə cinayət əlaqəsinə girib. O, həmin şəxsin yarımtikilidə gizlətdiyi, üzəri yapışqan lentlə bağlanmış, 2 polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 630 qram və 1420 qram, ümumi çəkisi 2050 qram olan marixuananı əldə edib.
İlyas İlyasov həmin narkotiki şəxsiyyəti məlum olmayan adama vermək üçün Şirvan şəhərindəki Heydər Əliyev prospektinə gətirib. Orada narkotik vasitəni satmaq istəyən zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
İlyas İlyasovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlyas İlyasov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlyas İlyasov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, şikayətin təmin olunmaması barədə qərar elan edilib.
Qərardan narazı qalan İlyas İlyasov kasasiya şikayəti verib. Şikayət Ali Məhkəməyə göndərilib.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə İlyas İlyasovun şikayətini təmin etməyib.
Qeyd edək ki, Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Şirazi Abuşovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan edilib və onun işi ayrıca icraata götürülüb.
Cinayət işi baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Şirazi Abuşov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Şirazi Abuşov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda şikayət təmin olunmayıb.