Abşeron rayonunda yetkinlik yaşına çatmayan iki nəfərə qarşı əxlaqsızlıq hərəkətlərdə ittiham olunan şəxsə qarşı cinayət işi açılıb.
Teleqraf.com-un xəbərinə görə, Abşeron rayon sakini Taleh Bağırovun barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Taleh Bağırov rayon ərazisində 15 yaşlı Səbinə Məmmədovaya (zərərçəkmişlərin ad və soyadları şərtidir – red.) qarşı əxlaqsız hərəkətlər edib.
Bundan başqa, o, Abşeron rayonu ərazisində yetkinlik yaşına çatmayan Murad Səmədova qarşı əxlaqsızlıq edib.
Taleh Bağırovun hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edilib. Polisin keçirdiyi əməliyyat nəticəsində o, həbs olunub.
İstintaq orqanı tərəfindən Taleh Bağırovun barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Şövkət Nəcəfovanın icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlanacaq.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmə tərəfindən sübuta yetirilsə, həmin şəxsi iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.