15 İyul 2020 10:32
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda saxta arayış satmaq ittihamı ilə həbs olunan “AZİNTELLEKTSERVİS LTD” və “TQİK-A” MMC-lərin rəhbəri Oktay Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqimatına baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Nərimanov rayon Məhkəməsində hakim Tural Ələkbərovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Oktay Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.

İttihama görə, Oktay Quliyev bu ilin aprelin 18-də Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Ağcəbədi rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Oktay Quliyev xüsusi karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə rəhbəri olduğu “AZİNTELLEKTSERVİS LTD” və “TQİK-A” MMC-lərin saxta arayışlarının hər birini 100-200 manata satması üzə çıxıb.

Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 10-a yaxın vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib.

Bununla da Oktay Quliyev saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Saxlanılan şəxsə məxsus paytaxt ərazisində yerləşən ofisə baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhürlər və digər iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar olunaraq götürülüb.

İstintaq orqanı tərəfindən Oktay Quliyevin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham elan edilib.

Hazırda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər