Bu gün Bakı Apelyasiya Məhkəməsində qətl hadisəsi törətməkdə ittiham olunan Sabirabad rayon sakini, Azəri Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Azəri Mirzəyev qonşusu Nadir Məlikovu bıçaqlayaraq öldürüb. Hadisə 2014-cü il aprel ayının 22-də saat 21:30-da Maştağa qəsəbəsində yerləşən Nizami küçəsində qeydə alınıb. O, həmin küçədə qonşusu Nadir Məlikovla mübahisə edib. Qonşuların əvvəllər də bir neçə dəfə mübahisələri olub. Həmin gün Azəri Mirzəyev heç bir səbəb göstərmədən Nadir Məlikovdan məhəlləni tərk etməsini tələb edib. Bu səbəbdən yaranan mübahisə zamanı Azəri Mirzəyev qonşusuna çoxsaylı zərbələr vurub. Nadir Məlikov aldığı bıçaq zərbələrinin təsirindən ölüb.
Azəri Mirzəyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azəri Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Azəri Mirzəyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov