Bu gün Bakı Apelyasiya Məhkəməsində məcburi köçkünün evindən oğurluq etməkdə təqsirli bilinən Kamran Cəbiyev, Səbuhi Tağıyev, Azər Şalıyev, Murad Muradov, Ramiz Abdullayev və Rövşən Əzimovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən il yanvarın 10-da Xəzər rayonu, Şüvəlan qəsəbəsində Akif Həmzəyevin evinə basqın edilib. Üç nəfər maskalı evə daxil olaraq Akif Həmzəyevə çoxsaylı bıçaq zərbələri endiriblər. Sonra içərisində 650 min manat olan seyfi qarajda olan “VAZ-2121” markalı avtomobilə qoyaraq qaçırıblar. İstintaq orqanı cinayəti törədənləri bir neçə ay tuta bilməyib. Həmin ilin aprelində keçirilən əməliyyat nəticəsində dəstənin iki üzvü yaxalanıb. Cinayət hadisəsindən təxminən 3 ay sonra iş adamının evində baş vermiş cinayətlə bağlı Kamran Cəbiyev və Səbuhi Tağıyev Salyan rayonu ərazisində idarə etdikləri “BMW-X5” markalı avtomobildə tutulublar. Onlardan 5 qramdan artıq marixuana aşkar edilib. Daha sonra isə Akifin evini onlara nişan verən Murad Muradov tutulub.
Məhkəmə həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxslər gülçülük təsərrüfatı ilə məşğul olan Akif Həmzəyevin villasında pulun olması haqda məlumatı Kamran Cəbiyev bilib və bu xəbəri Murad Muradova çatdırıb. Evə girməyi isə Səbuhi Tağıyev təklif edib. Bir neçə gün evə necə girmək barədə düşünüblər və nəhayət, evə basqın etmək planını yolunu tapıblar. Onlar evin ikinci mərtəbəsinin nəfəsliyindən içəri daxil olublar və dərhal Akif Həmzəyevi yatağından qaldıraraq əl-qolunu bağlayıblar, ağzını “skoç”layıblar. Bundan sonra Kamran və Murad pulun yerini öyrənmək üçün bıçaqla ev sahibinə zərbələr vurublar və üstünə silah çəkiblər. Öldürüləcəyindən qorxuya düşən kif Həmzəyev pullarını yerini deyib. Basqınçılar içi dolu pulla seyfi “VAZ-2121” markalı avtomobilə qoyaraq oradan qaçıblar.
Mütəşəkkil dəstənin üzvləri seyfi sındıraraq içərisində olan 650 min manat pulu öz aralarında bölüşdürüblər. Pula “BMW-X5”, “Range Rover”, torpaq sahələri, mənzil, hətta avtomobillərinə sonu “90”, “666” olan dövlət nömrə nişanları alıblar. Onlar pulun qalan hissəsini isə əyləncəyə xərcləyiblər.
Həmçinin dəstə üzvləri Akif Həmzəyevin evindən oğurladıqları pulun hesabına Dubay şəhərində istirahətdə ediblər. Cinayət yolu ilə əldə etdikləri pulları Dubayda əyləncələrə sərf eləyiblər. Oğrular hətta bahalı yaxtanın bir sutkalıq kirayəsi üçün 7 min dollar pul ödəyiblər və kef çəkiblər. Dubay səfəri başa çatandan sonra Azərbaycana gəliblər. Azərbaycanda bir neçə gün gəzdikdən sonra polis tərəfindən həbs olunublar. Mütəşəkkil dəstənin üzvləri xərclədiklərindən başqa qalan pul və cinayət yolu ilə aldıqları əmlaklar polis tərəfindən müsadirə olunub.
Həmçinin müəyyən olunub ki, Səbuhi Tağıyevin cinayəti törətməmişdən əvvəl xeyli borcu olub. O, həmin borcu bağlamaq üçün Akif Həmzəyevin evindən qaçırdıqları maşını borclu olduğu şəxsə verib. İstintaq zamanı məlum olub ki, həmin şəxs maşını başqa birinə satıb. Əlavə edək ki, zərərçəkmiş Akif Həmzəyev məcburi köçkündür.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Cəbiyev, Səbuhi Tağıyev, Murad Muradov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən şəxslər Azər Şalıyev, Murad Muradov, Ramiz Abdullayev və Rövşən Əzimovun hər biri 2500 manat cərimə olunublar və məhkəmə zalından azadlığa buraxılıblar.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün dəyişdirilməsini və cəzalarının yüngülləşdirilməsini istəyiblər. Həmçinin Baş Prokurorluq hökmdən apelyasiya protesti verib. Prokurorluq Azər Şalıyev, Murad Muradov, Ramiz Abdullayev və Rövşən Əzimovun həbs edilməsini tələb edib. Həmçinin zərərçəkmiş də eyni tələblə şikayət verib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Baş Prokurorluq və zərərçəkmişin şikayəti qismən təmin edilib. Təqsirləndiirlən şəxslər Ramiz Abdullayev və Rövşən Əzizovun cərimə cəzası 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.
Hacı Zeynalov