Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləmiş İntiqam Abuşovun, mərkəzin baş mühasibi Lalə Baxışovanın və şirkət rəhbəri Hüseynqulu Mənsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasın vaxtı hələlik məlum deyil.
İttihama görə, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun COVID-19 pandemiyası ilə əlaqədar rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə əlavə hesablanan əməkhaqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, araşdırmalar zamanı İntiqam Abuşovun qanunsuz olaraq tabeliyində işləyən bir neçə işçilərlə əvvəlcədən razılaşaraq onlara məxsus əmək haqqı kartlarını özündə saxlamaqla, həmin şəxslərə köçürülən aylıq məvacibləri əldə etməsinə, eləcə də, tabeçiliyindəki əməkdaşların mütəmadi olaraq işə gəlməməklə əmək stajının hesablanması şəraitinin yaradılması müqabilində 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən İntiqam Abışov, Lalə Baxışova və Hüseynqulu Mənsimovun barələrində Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 179.3.2 (mənimsəmə və ya israf etmə- külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.3 (rüşvət alma-külli miqdarda törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.