Gədəbəy rayon Uşaq-Gənclər idman-şahmat məktəbinin Çanaqçı kənd tam orta məktəb bölməsində dama üzrə məşqçi müəllimə işləyən 1975-ci il təvəllüdlü Səbinə Zeynalabadiyeva və onun qayınanası, 1939-cu il təvəllüdlü Nazangül Zeynalabadiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.
Səbinə Zeynalabdiyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, Gədəbəy rayonu, Çanaqçı kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Qayınanam Nazangülün səhhətində nasazlıq hiss etdik. Onun soyuqdəymə və qrip olduğunu düşündük. Vəziyyətinin günü-gündən ağırlaşdığını gördük, onu Gədəbəy rayon Poliklinikasına COVID-19 virusu ilə bağlı test müayinəsi verməsi üçün apardıq.
Hər ikimizin boğazından yaxı götürmə üsulu ilə COVID-19 virusuna görə test müayinəsindən keçdik. Qayınanam Nazangül mobil telefon işlətmədiyinə görə ikimizin də əlaqə nömrəsi kimi istifadəmdə olan mobil nömrə qeyd olundu”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, ertəsi gün səhər saatlarında Gədəbəy rayon poliklinikasından onlarla əlaqə saxlanılıb: “Telefonla zəng edən xanım bizim testin nəticəsinin pozitiv olduğunu, yəni virusa yoluxmağımızı bildirdi. Evdən çıxmamalı, yaşadığımız evdə müalicə almalı, səhhətimizdə ciddi problem olarsa həmin nömrə ilə əlaqə saxlamalı olduğumuzu dedi”.
Səbinə deyib ki, bundan sonra ev şəraitində müalicəyə davam ediblər: “Biz ev şəraitində müalicəmizi Bakı şəhərində yaşayan qohumlarımın tanıdığı həkimdən telefon vasitəsi ilə almışıq. Qayınanamın vəziyyəti daha da ağırlaşdı. Onun temperatoru 38-39 dərəcəyə qalxdı və nəfəs darlığı yarandı.
Həmin vaxt ərim Elçin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak etdiyinə görə qayınanamı həkimə aparacaq başqa şəxs olmadı. Ona görə də qayınanamla yaşadığımız evi tərk edərək, kənd mərkəzinə çıxdıq, tanımadığımız taksiyə mindik, Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinə getdik. Hər ikimiz torokal kompüter tomoqrafiya müayinəsindən keçdik. Müayinənin nəticələrinə dair sənədləri götürdükdən sonra Şəmkir rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Orada qəbul şöbəsində həkim bizim müayinə sənədlərimə baxdıqdan sonra müvafiq müalicə resepti yazdı. Bundan sonra biz eyni taksi ilə yaşadığımız ünvana qayıtdıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, yaşadıqları evi köməksiz vəziyyətdə olduğu üçün məcbur tərk edib: “Qayınanamın vəziyyəti yaxşı olmadığına görə təlaş içində olmuşuq. Heç bir yerə məlumat vermədik. Əməlimdən səmimi peşmanam”.
Digər təqsirləndirilən Nazangül Zeynalabdiyava da ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Səbinə Zeynalabdiyeva 500 manat, Nazangül Zeynalabdiyeva isə 300 manat cərimə olunub.