13 Yanvar 2022 14:27
3 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda 1989-cu il təvəllüdlü Vaqif qısqanclıq zəminində 2002-ci il təvəllüdlü bacısı qızı Vəfanı (adlar şərti verilib – red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vaqif 2021-ci ilin mayın əvvəllərində atası İsmayıla məxsus və özünün yaşadığı Bığır kəndindəki evə Bakı şəhərindən qonaq gələn bacısı qızı Vəfanın yüngül həyat tərzi keçirməsinə, qeyri-əxlaqi hərəkətlər etməsinə, ailə üzvləri ilə ünsiyyətdə olarkən nalayiq ifadələr işlətməsinə görə əsəbiləşib.

Bu hərəkətlərin onu kənd sakinləri və tanışları arasında rüsvay etdiyini düşünüb. Sonuncu dəfə o, mayın 8-dən 9-na keçən gecə saat 03 radələrində Vəfanın yatdığı otaqda heç kimə əhəmiyyət vermədən əks cinsdən olan ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıq səsinə yuxudan oyanıb.

Vaqif Vəfanın yatdığı otağa keçib, ona iradını bildirib. Vəfa isə onu nalayiq ifadələrlə təhqir edib və otaqdan qovub. Vaqif yatdığı otağa qayıdıb, çarpayısına uzanarkən Vəfanın onun iradına heç bir əhəmiyyət vermədən yenidən əks-cinsdən olan şəxslərlə telefonda qeyri-əxlaqi məzmunda danışdığını eşidib, onun yüngül həyat tərzi keçirməsi və ayrı-ayrı şəxslərlə qadın-kişi münasibətləri saxlamasına bir daha əmin olub.

Buna görə qisas məqsədilə Vəfanı öldürmək qərarına gəlib. O, Vəfanın yatmasını gözləyib. Mayın 9-da, səhər saat 6 radələrində qızın artıq yatdığını yəqin edib, onun otağına keçib, yastığı sifət nahiyəsinə sıxaraq öldürüb.

İstintaq orqanı tərəfindən Vaqifin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Vaqifin barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Rafail Əliyevin sədrliyi ilə araşdırılıb.

“Yad oğlanlarla danışmağından əsəbiləşdim”

Məhkəmədə ifadə verən Vaqif ona elan olunmuş maddələr üzrə təqsirli bilməyib. O deyib ki, özünü Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli sayır.

Vaqifin ifadəsinə görə, bacısı qızı Vəfanı əxlaqsız həyat tərzi keçirdiyi üçün öldürüb: “Hadisə günü otaqda Vəfa oyaq idi, bacım Səbinə isə otaqda deyildi. Vəfanın özünü aparmasından, məni və ailə üzvlərimi təhqir etməsindən, yad oğlanlarla danışmağından əsəbiləşdim.

Vəfa mənə müqavimət göstərsə də, onu boğaraq öldürmüşəm. Sonra bacımı çağıraraq qızını öldürdüyünü dedim”.

“Bacım huşunu itirdi”

Vaqifin sözlərinə görə, ilk əvvəl evdəkilərə Vəfanın dəm qazından boğulduğunu deyib: “Həmin vaxt baş vermiş hadisəyə görə bacım huşunu itirdi. Fikirləşdim ki, gecə qaz sobasının sönüb, qazın açıq qalması səbəbindən Vəfanın ölməsini və bacımın da halının pis olduğunu bildirim. Evdəkilərə də, gələn həkimlərə də belə dedim.

Bundan sonra bacımı xəstəxanaya apardılar. Bir qədər sonra isə hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Bu zaman həqiqətin sonradan üzə çıxacağını fikirləşdiyim üçün törətdiyim əməli etiraf etdim”.

“Nişanlı ola-ola evdən qaçdı”

Məhkəmə araşdırması zamanı Vaqifin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə danışması arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən hakimlər onun ibtidai istintaqa verdiyi ifadəsini də tədqiq ediblər.

İbtidai istintaq zamanı ifadə verən Vaqif bildirib ki, bacısı Səbinə həmkəndliləri olan Əhmədlə ailə qurub: “Birgə nikahdan Vəfa adlı qızları və İlqar adlı oğlu oldu. Uşaqlar əvvəllər kənddə yaşamırdıblar.

Vəfa 2019-cu ilin yayında Qızılağac kənd sakini Bahadur adlı şəxslə nişanlandı. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçdı. İki gün Vəfadan xəbər tuta bilmədik. İki gün sonra o, özü anasıgillə əlaqə saxladı, Tərtər rayonundan olan Sakit adlı şəxslə qaçdığını,ailə quracaqlarını dedi, onu axtarmamamalarını istədi.

Vəfa Tərtər rayonunda 4 ay qaldı. Sonra Tərtərdə də ər evindən qaçdı. Bir müddət ondan məlumat ala bilmədik. Əri polisə müraciət etdi, Vəfanı taparaq evinə geri qaytardılar”.

“Kimlərləsə danışıb mesajlaşırdı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan Vəfanın əri ilə dalaşıb, qaçdığını öyrəniblər: “Buna görə Vəfanın atası Tərtər rayonuna getdi, Vəfanı geriyə - Bığır kəndinə qaytardı. Təxminən 3-4 ay kənddə qaldıqdan sonra bacımgil Bakı şəhərinə köçdülər və Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayə yaşamağa başladılar.

Təxminən aprelin ortalarında bacım Səbinə oğlu İlqarla kəndə gəldilər. Bacımgil kənddə olan evlərində heç kim olmadığı üçün bizdə qonaq qaldılar. Hadisədən 3 gün əvvəl isə Vəfa Bakı şəhərindən Göyçay rayonuna gəlmişdi. O da anasıgillə birlikdə bizdə qalmağa başladı. Bizdə qaldığı müddətdə o, həmişə kimlərləsə telefonla danışır və mesajlaşırdə. Bütün bunlar mənə pis təsir edirdi”.

“Dedi ki, özüm bilərəm”

Vaqif qeyd edib ki, mayın 8-də günorta saatlarında Vəfa ilə birlikdə “Kapital Bank”dan kart götürmək üçün gəliblər: “Həmin vaxt Vəfa açıq paltar geyinmişdi, ona etirazımı bildirdim. Vəfa başqa paltar geyindi. Onunla “Kapital Bank”a gəldik, bankdan kart götürdü, geri qayıtdıq. Lakin kartın nəyə aid olduğunu bilmədim.

Axşam saatlarında bacımla həyətyanı sahədə istixananı suvararkən artıq Vəfanın hərəkətlərindən bezdiyimi, onu öldürəcəyimi dedim. Bacım mənə 3 övladım olduğunu söylədi, məni fikrimdən yayındırmağa çalışdı. Bacımla söhbət etdim, bir qədər sakitləşdim.

Həmin gün axşam saatlarında birlikdə yemək yedik, evdə olduq. Vəfa parka getmək istədiyini bildirdi. Vəfanın tək getməməsi üçün həyat yoldaşım da onunla getdi. Həmçinin qonşumuz Əli Vəfagili parka apardı. Bunu Əlidən məni xahiş etdim, Vəfagil parkdan təxminən gecə saat 12 radələrində qayıtdılar. Evdə həyat yoldaşım, atam, anam, bacım, bacım qızı, bacım oğlu və mənim 2 oğlum olub.

Biz Vəfaya məsləhət verməyə başladıq, bu yoldan çəkinməsini, ata-anasının sözünə baxmasını bildirdik. Vəfa isə dedi ki, özüm bilərəm, sizlik deyil, siz öz işinizlə məşğul olun. Onun heç kimi saymamasından əsəbiləşdim”.

“Dondurma yerinə bunu ye”

Vaqif bildirib ki, Vəfa parkdan qayıdarkən aldığı dondurmanı yeməyə başlayıb: “Vəfadan dondurma istədim, əli ilə cinsi orqanını göstərdi və “dondurma yerinə bunu ye” dedi. Bu sözlər mənə pis təsir etdi.

Vəfa hamam otağına keçdi, yuyundu və paltar geyinməyərək hamam xalatı ilə çölə çıxdı, zalda gəzməyə başladı. Ona paltar geyinməyi tapşırdım. Bu zaman yaxasını açdı, oğluma göstərdi. Vəfanın bu hərəkətlərindən əsəbiləşsmə də, yenə də səbrli olmağa çalışdın.

Həmin gün anam, bacım və Vəfanın qardaşı qapıdan girdikdə üzbəüz otaqda, Vəfa isə ortadakı otaqda yatdılar. Başdakı otaqda mən, həyat yoldaşım və kiçik oğlumla birlikdə yatdıq. Atam və digər oğlum isə zalda yatdılar”.

“Mənə “söyüşlə” otaqdan çıxmağımı söylədi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, gecə Vəfanın telefonla danışıq səsinə oyanıb: "Saata baxdım, 3-ə işləyirdi. Vəfa ucadan kiməsə sabah gəlib onu götürməyi məsləhət görür, vədələşirdi. Onun heç kimi saymadan telefonla o şəkildə danışmasına görə çox əsəbiləşdim. Əsəbi halda otaqdan çıxdıqda atamın və bacımın da oyaq olduğunu gördüm. Bacım otağa girdi və Vəfaya telefonu söndürməyi tapşırdı. Vəfa isə bacıma cavab qaytardı.

Atam yata bilmədiyini və Vəfadan sakit durmağı xahiş etdi. Mən də otağa girdim, Vəfaya sakit olmağı dedim. Vəfa mənə söyüşlə cavab verdi, otaqdan çıxmağımı söylədi. Öz otağıma qayıtdım. Fikirləşərək Vəfanı öldürmək qərarına gəldim”.

“Ölənədək yastığı sıxdım”

Vaqif qeyd edib ki, bundan sonra yatmayıb və səhər saat 6 radələrində öz otağından çıxıb, Vəfa yatan otağa girib: “Vəfa yatmışdı, lakin işıq yanılı idi. Həmin vaxt bacım da otaqda idi. Gecə bacım həmin otaqda Vəfanın yanına uzanmışdı ki, onu sakitləşdirsin. Vəfaya tərəf getdim. O, başını yastıqdan bir qədər qırağa qoydu.

Vəfanın üstünə saldığı adyalı üzünə çəkdim və başının altındakı yastığı çıxardım. Sonra üstündə oturdum və yastığı sifətinə basdım. Vəfa oyanıb müqavimət göstərməyə başladı. Dırnağı ilə qoluma və sinəmə cırmaq atdı. Vəfanın üzərində oturdum. Ölənədək yastığı onun ağız və burun nahiyəsinə sıxdım”.

“Öldürdüyümü bildirdim”

Vaqifin sözlərinə görə, bu vaxt bacısı Səbinə oyanıb: “Bacım ağlamağa və yalvarmağa başladı. Vəfanı öldürməməyim üçün ayağımdan tutaraq çəkdi. Onun üstünə qışqıraraq mane olmamasını dedim. Bildirdim ki, Vəfanı öldürəcəm, bizi biabır edib. Vəfanı boğmağa davam etdim. Xırıltısı kəsilənə və tam hərəkətsiz qalanadək yastığı sifət nahiyəsinə sıxdım.

Vəfanın öldüyünə əmin olandan sonra otaqdan çıxdım. Bacım qışqıraraq ağlamağa başladı. Onun səsinə anam, atam, bacım oğlu və həyat yoldaşım da oyandı. Vəfanı öldürdüyümü bildirdim”.

Vaqif 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər