15 Fevral 2022 15:35
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda 1973-cü il təvəllüdlü Bəşir keçmiş arvadı Naziləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 17 iyun 2021-ci ildə baş verib.

Bəşir həmin gün saat 18.10-da sərxoş vəziyyətdə Nazilənin icarə götürərək işlətdiyi “8-ci km bazarı”nda yerləşən “Qarabağ” kafesinə gəlib. O, Nazilənin övladlarını ona göstərməməsi ilə əlaqədar mübahisəni bəhanə edib, onu uca səslə söyüb. Sonra qadının bədəninin müxtəlif nahiyələrinə vurub, pivə stəkanını onun üzərinə atıb. Stəkan Nazilənin qoluna dəyərək sınıb.

İstintaq orqanı tərəfindən Bəşirin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşya ilə istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəşir ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nazilə ilə əvvəllər ər-arvad kimi yaşayıblar: “Lakin rəsmi nikaha girmədik. Birgə yaşadığımız müddətdə 2005-ci il təvəllüdlü Sahibə, 2007-ci il təvəllüdlü Aqil adlı uşaqlarımız oldu. Artıq 8 ildir Nazilə ilə ayrılmışıq, uşaqlar mənimlə yaşayırlar. Nazilə uşaqlarla maraqlanmadığına görə aramızda tez-tez mübahisə olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 17-də telefonla danışarkən Nazilə ona qarşı nalayiq ifadələr işlədib: “Bu səbəbdən işlədiyi kafeyə gəldim, onunla məsələni aydınlaşdırmaq istədim. Həm də növbəti dəfə tələb etmək istədim ki, uşaqlarımızla maraqlansın. Saat 18 radələrində Nazilənin işlətdiyi kafeyə gəldim. Nazilə mənimlə uca səslə danışmağa başladı. İçkili olduğum üçün şillə ilə üzündən vurdum. Kafedə bizdən başqa tanımadığım iki nəfər müştəri də vardı. Hirsləndiyimdən bir neçə içki şüşəsini itələyərək yerə dağıtdım. Həmin vaxt stolun üzərində olan qədəh Naziləyə tərəf getdi və onun qolunu kəsdi”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazilənin sözlərinə görə, Bəşirdən ayrılıb, uşaqları keçmiş əri ilə yaşayırlar: “Uşaqlara Bəşir baxıb. Övladlarımı görmək üçün həftədə 3-4 gün Bəşirin evinə gedib, orada qalıram. Bəşir spirtli içki qəbul edərkən onunla danışmaq və yola getmək mümkün deyil. Məni döydüyündən Bəşirin evindən çıxmışam, kirayədə qalıram. “8-ci kilometr bazarı”nda “Qarabağ” adlı kafeni icarəyə götürərək orada yemək bişirib satıram”.

Nazilə qeyd edib ki, iyunun 17-də saat 18 radələrində Bəşir ona zəng edib, sərxoş halda onu söyməyə başlayıb: “Mən də mobil telefonunu söndürdüyüm üçün 5-6 dəqiqə sonra kafeyə gəldi. Sərxoş olduğundan məni nalayiq küçə söyüşləri ilə təhqir etdi, üzərimə yeridi. Stolun üzərində olan bakalı mənə tərəf atdı. Bakal sağ qoluma dəydi. Daha sonra təpiklə ayağımdan vurdu”.

Zərərçəkmiş deyib ki, kafeyə səs-küyə gələn polis əməkdaşları Bəşiri kafedən çıxarıb və 24-cü polis şöbəsinə aparıblar: “Hadisə kafenin içərisində baş verdi və təxminən 10-15 dəqiqə ərzində davam etdi. Mənə təxminən 1300 manat maddi ziyan dəydi”.

Zərərçəkmiş ifadəsinin sonunda göstərib ki, təqsirləndirilən şəxslə barışıb, dəymiş maddi ziyan ödənilib. O, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını qeyd edib.

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.

Bəşirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza təyin olunub.


Müəllif: Hacı Zeynalov