14 Aprel 2022 11:00
13 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda 1967-ci il təvəllüdlü Ziyadxan Gülnarəyə qarşı dələduzluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ziyadxan 2020-ci ilin iyununda Gülnarəyə Müdafiə Nazirliyində işləyən yaxın qohumu vasitəsi ilə oğlu İlkini həmin nazirliyin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifəsinə işə düzəldəcəyi vədini verib.

29 iyun 2020-ci ildə saat 21 radələrində o, Gülnarədən yaşadığı Yevlax şəhərindəki mənzilində 2500 manatı alıb.

İstintaq orqanı tərəfindən Ziyadxanın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziyadxan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2020-ci ilin iyun ayının əvvəlində əvvəllər tanımadığı Habil onun yanına gəlib: “Habil aqlay ustası olduğunu dedi, restoranda onu işə götürməyimi xahiş etdi. Habilə vuracağı aqlayın hər bir kvadrat metrinə görə beş manat verəcəyimi dedim, razılaşdı.

Həmin vaxtdan Habil restoranın ön hasarına aqlay vurmağa başladı. Mən də restoranda işlədim və digər işləri gördüm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin iyununda Habilə restoranın içərisinin təmizlənməli olduğunu, özü ilə bir nəfər fəhlə gətirməsini tapşırıb:

“Bundan sonra Habil oğlu İlkini də restorana gətirdi. İlkin restoranda təxminən üç-dörd gün işlədi. Habil mənə İlkini hərbi hissələrdən birində MAXE düzəltmək istədiyini, lakin işlədiyi üçün İlkinin sənəd işləri ilə məşğul ola bilmədiyini dedi. Pula ehtiyacım olduğu üçün Habilə yalandan İlkini MAXE vəzifəsinə işə düzəldə biləcəyimi söylədim.

İlkin hərbi xidməti başa vurub gəldiyini, Aran qəsəbəsində yerləşən N saylı hərbi hissədə işləmək istədiyini dedi. Habil və İlkini inandırmaq üçün yaxın qohumumun müdafiə nazirinin müavini Nəcməddin Sadıkovun müavinlərindən biri ilə yaxın münasibəti olduğunu bildirdim.

Habil İlkinin işi ilə bağlı hansı miqdarda pul istədiyimi soruşdu. Qohumumla danışdıqdan sonra işin qiyməti barədə məlumat verəcəyimi vəd elədim. Telefonumu cibimdən çıxararaq guya qohumuma zəng etməyim barədə görüntü yaratdım. Mobil telefonumu qulağıma tutaraq kənara çəkildim və başqa şəxslə danışırmış kimi davrandım. Bir neçə dəqiqə sonra qohumun Habilə İlkinin işi ilə bağlı 2500 manat istədiyini dedim.

Habil 2500 manatın olmadığını, arvadı Gülnarə ilə məsləhətləşəcəyini söylədi. Bir neçə gün sonra Gülnarə zəng edərək İlkinin işi barədə soruşdu. Gülnarəyə İlkini qohumumun vasitəsi ilə Aran qəsəbəsində yerləşən hərbi hissəyə işə düzəldəcəyimi, 2500 manatın təcili verməsini, pulu və İlkinin sənədlərini Bakı şəhərinə aparacağımı dedim. Gülnarə 2500 manat verməyə razı oldu”.

Ziyadxanın bildirdiyinə görə, 2020-ci ilin iyun ayının sonlarında Yevlax şəhəri 32-ci məhəllədə yerləşən Gülnarənin yaşadığı mənzilə gedib: “Gülnarə mənə 2500 manatı, İlkinin şəxsiyyət vəsiqəsini və hərbi biletini, özünün və Habilin şəxsiyyət vəsiqələrinin surətini verdi.

İlkinin sənəd işlərinin təxminən 15 gün ərzində həll olunacağını, bundan sonra İlkinin kursa çağırılacağını, kursu bitirdikdən sonra isə onun işə başlayacağını dedim. 2500 manatı və sənədləri götürərək gecə yol avtomobili ilə Bakı şəhərinə getdim. Səhər Bakı şəhərinə çatdım və yaşadığım evə gedərək ailə üzvlərimlə görüşdüm. Habilə zəng edərək İlkinin işlərini həll edəcəyimi, 2500 manatı və sənədləri qohumuma verəcəyimi dedim. Lakin heç kimlə görüşmədim.

Həmin gün Aran qəsəbəsinə qayıtdım. Aldığım 2500 manatı yeməyimə və gündəlik tələbatıma xərclədim. Bir neçə gün sonra İlkinin şəxsiyyət vəsiqəsini və hərbi biletini Habilə qaytardım. Bir müddət sonra Gülnarə və Habil İlkinin işini məndən soruşdular. İlkinin sənədlərinin toplandığını, 2020-ci ilin oktyabrında İlkinin kursa çağırılacağını dedim”.

Ziyadxan deyib ki, 2020-ci ilin sentyabrın əvvəlində restoranda işi yekunlaşdırıb və Bakı şəhərinə gedib: “Gülnarə və Habil telefon vasitəsi ilə mənimlə əlaqə saxladılar. İlkini daha işə düzəltmək istəmədiklərini dedilər, 2500 manatı qaytarmağımı tələb etdilər. Pulum olmadığı üçün 2500 manatı qaytara bilmədim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülnarənin sözlərinə görə, Ziyadxan onlardan pulu alanda Nəciməddin Sadıkovun adını çəkib. Qeyd edib ki, 2500 manatı alsa da, işi düzəltməyib.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Ziyadxanın barəsində Cinayət Məcəlləsinin 73-1.1-ci (bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) maddəsi tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib.

Məhkəmənin hökmünə görə, Ziyadxanın barəsində olan cinayət təqibinə xitam verilib.


Müəllif: Hacı Zeynalov