16 May 2022 16:14
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhər sakini, 1988-ci il təvəllüdlü Murad Əhmədov Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinin binasını yandırmağa cəhd edib, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi olmuş Akif Əsədullayevin avtomobilini isə yandırıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Murad keçirdiyi “Sadə şizofreniya” formasında xroniki psixi xəstəliyin kəskinləşməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmadan Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb. O, anlaqsız vəziyyətdə 25 yanvar 2022-ci ildə saat 13.55-də əvvəllər Şəki rayon Psixiatriya Xəstəxanasın baş həkimi vəzifəsində işləmiş Akifin yaşadığı ünvana gəlib.

Murad həmin evin yaxınlığında olan Akifə məxsus “Nissan X-Trail” markalı avtomobilin arxa hissəsinə neft tökərək yandırıb. Zərərçəkmiş şəxsə 7250 manat məbləğində ziyan dəyib.

İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Pərviz Hacıyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən Muradın ibtidai istintaqa verdiyi ifadəsi tədqiq olunub və elan edilib.

O, istintaqa ifadəsində göstərib ki, uşaqlıqdan özünü narahat hiss eləyir, gecələri yatmır: “Gecələr müxtəlif şəxslərlə, tanımadığım adamlarla söhbət edirəm. Dərman atmayanda yata bilmirəm”.

Təqsirləndiriıən şəxsin sözlərinə görə, 25 yanvar 2022-ci ildə səhər yuxudan oyandıqdan sonra atası Vaqiflə avtomobildə şəhərə çıxıblar: “Xəstəxanadan dərman ala bilmədiyinə görə atam 3 gün idi çox əsəbiləşirdi. Hadisə günü səhər şəhərə çıxanda qazi olan atam həm dərmanlarə vermədiyinə, həm də pensiyasını kəsdiyinə görə onların binasını yandırmağı tapşırdı. Mən də razılaşdım. Həmin yandırdığım binaya atamla birlikdə gəldim.

Şəhərə çıxandan sonra atamla birlikdə hazırda xatırlamadığım yanacaqdoldurma mənəqəsinə getdik, oradan avtomobilə benzin vurduq. Həmçinin avtomobilin yük yerində olan su butulkasına benzin aldıq.

Atam su butulkasını boşaltmağı tapşırmışdı, benzin vurmamışdan əvvəl həmin butulkanı boşaltdım. Benzin aldıqdan sonra atamla pensiya verilən yer olan binaya getdik. Maşını özüm idarə edirdim. Həmin binaya yaxınlaşdıqdan sonra atam avtomobildə qaldı. Mən isə avtomobili yolun kənarında saxladıqdan sonra butulkada aldığım benzini götürdüm, binanın arxa və qabaq şüşələrinə benzin tökdüm, yandırdım”.

Murad qeyd edib ki, atası Akif həkimin avtomobilini yandıracağını dediyinə görə həmin xəstəxanaya gedib: “Xəstəxanaya getdikdən sonra qapıdan dayanan adamdan Akif həkimi soruşdum. Həkimin naharda olduğunu dedi. Bundan sonra gələrək avtomobilə əyləşdim. Atama Akif həkimin naharda olduğunu dedim. Atam evinin yerini bildiyini demişdi. Bundan sonra avtomobili Akifin həkimin çay kənarında olan evinə sürdüm. Həmin evə getdikdə atam Akifin burda yaşamadığını dedi. Həkimin təzə evinə getdik. Yolu dəqiq xatırlamıram. Atam hara deyibsə, ora sürmüşəm.

Bir küçəylə gedərkən atam yolda bir nəfərdən Akif həkimin evini soruşmağımı istədi. Avtomobilin pəncərəsini açıb yoldan keçən tanımadığım şəxsdən Akif həkimin evini soruşdum. O da evin yerini göstərdi.

Atam evin yanındakı maşının Akif həkimin olduğunu dedi, maşını yandırmağımı bildirdi. Avtomobili həmin Akif həkimin evinin yanında saxladıq. Atamla birlikdə avtomobildən düşdük. Həmin gün aldığım benzinin qalmış hissəsini avtomobilin arxa yük yerinə tökərək yandırdım. Butulkanı da ora atdım. Maşın alovlananda atam mənə “minək gedək” deyə bildirdi. Maşına minərək şəhərdən çıxdıq. Bundan sonra da atam hara deyib, maşını ora sürdüm. Daha sonra babamın qəbrinin yanına gəldik. Orada atam və babamla söhbət etdik. Babam mənə yaxşı etdiyimi dedi”.

Təqsirləndirlən şəxsin atası Vaqifin sözlərinə görə, oğlu Murad təxminən 10 ildən çoxdur sadə şizofreniya xəstəliyindən əzab çəkir və xəstəxanada qeydiyyatdadır: "Bu xəstəliklə əlaqədar ona 2-ci qrup əlil dərəcəsi verilib və təqaüd alıb. Əlilliyi ilə bağlı ona yalnız Psixatriya Xəstəxanasından dərmanlar verilir.

Muradın xəstəliyi olmasına baxmayaraq onun əlillik dərəcəsi heç bir səbəb göstərmənə ləğv ediblər. Bu barədə müxtəlif yerlərə məktub yazsaq da, müsbət nəticə olmayıb. Əllilik ləğv edildiyinə görə dərmanları da verilməyib. Həmin dərmanlar apteklərdə satılmır, yalnız əlilliyi olan şəxslərə xəstəxana tərəfindən verilir. Muradın da əlilliyi ləğv edildiyinə görə dərmanlarını ala bilməmişik. Bundan sonra isə onda xəstəlik daha da kəskinləşdi.

Murad təbii ehtiyaclarını belə özü ödəyə bilmir. Ona daim qulluq olunmalıdır”.

Vaqif məhkəmədən xahiş edib ki, Muradı evə buraxsınlar, oğluna özü baxacaq.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Akif Əsədullayevin sözlərinə görə, təxminən 1988-ci il tarixdən 2021-ci il tarixə kimi baş həkim vəzifəsində çalışıb: “25 yanvar 2021-ci ildə günorta radələrində yaşadığım evdə nahar etdikdən sonra həyətə düşdüm. Ailə üzvlərimdən biri qışqıra-qışqıra evin həyətinə girdi, avtomobilimin yandığını bildirdi. Küçəyə çıxdıqda “Nissan X trail” markalı avtomobilimin arxa hissəsinin alovlanaraq yandığını gördüm. Avtomobili çətinliklə olsa da söndürdük.

Daha sonra isə bu barədə polis şöbəsinə məlumat verdik. Polis əməkdaşlarından avtomobili yandıran şəxsin 2010-cu il tarixdən Şəki rayon Psixiatriya Xəstəxanasında “F20.6 Şizofreniyanın sadə tipi” diaqnozu ilə qeydiyyatda olan, Şəki şəhər sakini Murad Əhmədov olmasını eşitdim”.

Baş həkim deyib ki, təqsirləndirilən şəxs xəstə olduğuna görə tanıyır. Bildirib ki, avtomobilə 7250 manat ziyan dəyib: “Lakin ziyan ödənildi. Təqsirləndirilən şəxs ilə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur”.

Murad Əhmədiv Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad olunub. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.


Müəllif: Hacı Zeynalov