13 İyun 2022 15:37
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun əməllərindən daha bir nəfər şikayətçidir.

Teleqraf.com-un xəbərinə görə, Kəlbəcər rayon sakini, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA yaşayış massivində məskunlaşmış Zahid Allahverdi oğlu Əliyev Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva, Baş prokuror Kamran Əliyev və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib.

Qeyd edib ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir:

“Bu mütəşəkkil cinayətkar dəstənin üzvləri bizim ailəyə qarşı da cinayət törədiblər. Qardaşım Ramiz Əliyevi tutaraq bizə 60 min manata yaxın ziyan vurublar. Qardaşımı Yasin Məmmədov tutmuşdu. Mən o zaman Yasin Məmmədovla danışanda dedi ki, guya böyük bir cinayət törədilib. Bu cinayəti törədən qardaşım Ramiz olub, həm də cinayətin qrup şəkilində törədilməsini iddia edirdi. Dedim ki, qardaşım cinayətkar deyil, onun cinayət şəriki kimi təqdim etdiyi şəxs isə sıradan bir taksi sürücüsüdür.

Qardaşım Gürcüstana gedib dərman almışdı, gələndə də özü ilə bir az qızıl gətirmişdi. Qardaşımı Gəncədən Tbilisiyə aparan sürücü qardaşımın dərman almağa getdiyini bilirdi. Yəni Ramizin qızıl gətirəcəyindən məlumatsız olmuşdu. Yasin Məmmədov isə zorla sürücünü cinayətkara çevirib həbsə almışdı”.

Şikayətçi daha sonra qeyd edib ki, Yasin Məmmədov onun qardaşına hədə-qorxu gəlməkdə davam edib: “Yasin Məmmədov özünü küçə uşağı, cəllad kimi aparırdı. Mən onun kimi əxlaqsız, soyğunçu xislətli biri ilə qarşılaşmamışdım. Bizim ailəyə çox böyük pislik elədi. Bu adam talançıdır. Bunlar Mövlam Şıxəliyevlə birgə mütəşəkkil cinayətkar dəstə yaradıb, günahsız insanları talan edirdilər.

Yasin Məmmədov mənə dedi ki, şeflə - Mövlam Şıxəliyevlə danışaram, sənə qiymət deyərəm. Mənim də, qardaşımın da Qarabağ veteranı olduğumuzu dedim, xeyri olmadı. Qardaşımı azad etmədi. Kor-peşman Gəncəyə qayıtdım.

Bir də xəbər gəldi ki, Yasin Məmmədov qrupla Gəncəyə gəlib. Əvvəl qardaşım Ramizin və mənim evimdə, sonra da Ramizin telefonla danışdığı adamların evində axtarış apardı. Onlara yalandan deyirdi ki, Ramiz hər şeyi danışıb, qızılları da götürün, MTN-ə gəlin. Beləcə qızıl satanları da soydu, taladı. Kimindən 20 min, kimindən 30 min, kimindənsə 50-100 min alırdı. Mən özüm də Bakıya gəldim, MTN-də Ramizlə görüş istədim. Ramiz dedi ki, bu şərəfsizlərə pul versən, səni qardaşlıqdan silərəm, mənim böyük bir cinayətim yoxdur”.

Zahid Əliyevin sözlərinə görə, MTN-də Yasin Məmmədov onun özü ilə görüşüb: “Mənə əli ilə 2 rəqəmini göstərdi və dedi ki, 200 min ver, qardaşını buraxaq. Bizdə o qədər pul olmadığını dedim. Yasin Məmmədov təhdid elədi ki, qardaşın 8 il türmə yatacaq. Mənə dedilər ki, Cavanşir adlı MTN işçisi var, Göytəpədə yaşayır, o, sənə kömək edə bilər. Onunla görüşdüm. Dedi ki, 12 min dollar, 2 qızıl onluq verəcəksən, məsələ həll olunacaq. Başqa yolum yox idi, razılaşdıq. Ona bir neçə gün sonra maşının içində 12 min dollar və 4 qızıl onluq verdik. Dedi ki, uzağı bir aya qardaşını buraxacaqlar. Bir ay ötdü, amma qardaşımı buraxmadılar. Cavanşirdən pulu tələb etdim. Ondan 10 min manatı zorla geri aldım”.

Zahid Əliyev qeyd edib ki, MTN-ə 6 ay get-gəldən sonra işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriblər: “Məhkəmədə mənə dedilər ki, qardaşının elə bir cinayəti yoxdur, amma iş MTN-dən gəlib, qardaşını həbsə məhkum edəcəyik. Dedilər ki, adam taparaq işi həll etməsən, qardaşını 5 il 6 ay həbs gözləyir. Mən də adam axtardım, qardaşımı Rüstəm Usubova tapşırdılar. Bunun üçün 5 min manat verdim. Qardaşıma şərti cəza verdilər, sonra da məhkəmə zalından azadlığa buraxdılar.

Qeyd edək ki, Zahid Əliyev və onun qardaşı Ramiz Əliyev ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və digər şəxslərin cinayət işi üzrə şahid qismində adları keçir. Onlar bu şəxslərin qanunsuz əməlləri ilə üzləşsələr də, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmayıblar.

Bu ilin iyunun əvvəlində keçirilən məhkəmə iclaslarından birində Ramiz Əliyev şahid qismində ifadə verib. O, məhkəmə iclasında da hakimdən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasını istəyib.

Ramiz Əliyev sərbəst ifadəsində bildirib ki, 2014-cü il oktyabrın 31-də MTN əməkdaşları tərəfindən həbs olunub:

“İstintaqı aparan Yasin Məmmədov məndən külli miqdarda pul tələb etdi. 9 aylıq həbs müddətində məni hər hansı bir şəxslə üzləşdirmədilər. Həbsdə olduğum müddətdə tanıdığım qızıl alverçilərini Yasin Məmmədov istintaqa çağırmaqla onlardan külli miqdarda pul aldı. Həbsdən çıxandan sonra Bakıda, Mərkəzi Univermaqda qızıl satan Ağasalam Ağamalıyevlə görüşdüm. Təsəvvür edin ki, Ağasalamla mənim tanışlığım olub. Telefon nömrəsi də məndə vardı. Həbsdə alınandan sonra Yasin Məmmədov telefonumu qabağına qoyub və kimin adı çıxıbsa, MTN-ə çağırıb, Bakıda və Gəncədə qızıl satan nə qədər dost-tanışım varsa, kimdən nə qədər bacarıbsa alıb.

Ağasalam Ağamalıyev də həmin qızıl satan tanışlardan biri idi. Onu mənə görə MTN-ə çağırıb soyublar. İndi o, bu iş üzrə zərərçəkəndir, mən isə şahid. Halbuki elə ən böyük zərəri mən çəkmişəm. Mən Gəncədən Bakıya, bu məhkəməyə gəlmək üçün qohumlardan borc almışam. Məni müflis duruma salan Yasin Məmmədovdur. Amma mənə zərərçəkən kimi tanımırlar.

Baş Prokurorluqda Əli Babayev var. O, 2015-ci ildə çağıraraq məni dindirdi, sonra da zəng edərək dedi ki, gözün aydın, muştuluğumu ver, bəs səni zərərçəkən kimi tanıdıq. Dedi ki, get Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə ver. Sonradan mənə zəng elədilər, həmin idarəyə də getdim, ifadə verdim. Üstündən 7 il keçib, çağırıb soruşan yoxdur ki, bəs sən zərərçəkən idin axı?”

Şahid ifadəsində deyib ki, o, həbsdə olarkən Ağasalam Ağamalıyevi MTN-ə çağırıblar: “Ağasalam dedi ki, ona guya mənimlə əlbir olub, qaçaqmalçılıq etdiyini deyiblər. Bildiriblər ki, əgər 100 min manat pul verməsə, mənim şərikim kimi həbs edəcəklər. Sonda Ağasalamdan 50 min manat alıb buraxıblar. Halbuki mənim istintaqım zamanı kiminləsə nə üzləşdirilmişəm, nə də kiminsə əleyhinə ifadə vermişəm. Yasin Məmmədov bilə-bilə ki, Qarabağ döyüşçüsüyəm, ermənilərin torpaqlarımıza təcavüzü zamanı mərdliklə döyüşmüşəm, mənə qarşı cinayətləri davam etdirirdi. Kəşfiyatçı olmuşam, bu gün də bədənimdə 48 qəlpə, 2 güllə yarası var.

Məni 2014-cü il oktyabrın 31-də “Sınıq körpü”dən Azərbaycana keçəndən dərhal sonra tutdular. Olduğum taksinin qabağını bir maşın kəsdi, arxada da biri saxladı. Maşınlardan düşənlər dedilər ki, MTN-dəndirlər. Taksi sürücüsü Əli Əliyevi və məni MTN-in Qazax şöbəsinə, oradan da Bakıya, nazirliyin özünə gətirdilər. Mənə dedilər ki, səni güdmüşük, üzərində 398 qram qızıl var. Başqa nəsə olub-olmadığını soruşdum. Dedilər ki, səndə olan ancaq qızıldır. Dedim, üzərimdəki qızıldırsa, bu nə əməliyyatdır? Məni gömrükçülər tutmalı, bəyan etmədən qızıl keçirdiyimə görə cərimələməli, məsələ də həll olunmalı idi. Məgər üzərimdə atom bombası var ki, mənə qarşı belə bir əməliyyat keçirirsiz?”.

Şahidin sözlərinə görə, 6 ay davam edən istintaq zamanı gördüklərindən dəhşətə gəlib: “Dövlət mənə 45 manat təqaüd verirdi. Daha onu da vermirlər. Həmin pulla mən xəstə övladımı, 2-ci qrup əlil yoldaşımı, xəstə anamı və 2 uşağımı saxlaya bilməzdim. Ona görə də qızıl alverçisinə çevrilmişəm. Bunu məni tutan MTN-çilərə də dedim.

Yasin Məmmədov deyirdi ki, sənin kim olduğunu səndən yaxşı bilirik. Mənim Qarabağ veteranı, vaxtilə kəşfiyyatçı olmağımla bağlı məlumatı vardı, döyüş yolum haqda danışırdı. Üstəlik, dedi ki, sən 1992-ci il mayın 8-də Kəlbəcərdə ermənilərin AN-24 təyyarəsini vurmusan. Bunu özüm də bilirdim. Amma Yasin Məmmədov mənə dedi ki, vurduğun təyyarədə erməni dövlət xadimləri ölüblər. Buna görə də Ermənistanda rəsmi matəm elan olunub. Təyyarəni vurduğuma görə mənə o dövrdə Kəlbəcərin icra başçısı İlham Həsənov 10 min rubl mükafat da vermişdi. Amma həmin təyyarədə ermənilərin dövlət xadimlərinin olduğunu, bu hadisəyə görə Ermənistanda matəm elan olunduğunu mənə MTN-də dedilər.

İşi MTN-in İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədov aparırdı. Ona dedim ki, bunları bilirsənsə, heç olmasa məni zaminə buraxın. Əli ilə 1 işarəsi göstərdi. Soruşdum, dedi ki, 100 min gətir, səni zaminə buraxaq. Erməni təyyarəsini vurduğuma görə bu məbləği istədiyini xəbər aldım. Cavab verdi ki, Azərbaycan təyyarəsini vursaydın, 300-400 min alardıq. Əsəblərim dözmədi, qışqırdım, qollarımı tutdular. Yasin Məmmədov kresloya yayxanıb dedi ki, get yat, ağlın başına gələr”.

Ramiz Əliyevin sözlərinə görə, tutulana qədər Tiflisə tez-tez gedib: “Oradan yoldaşıma, ağır xəstə olan oğluma dərmanlar alıb gətirirdim. Sonuncu səfərim də bununla bağlı idi. Oradan qızıl alacağımı heç kimə deməmişdim. Gəncədə bir taksi sürücüsü ilə Tiflisə gedib qayıtmağa görə 100 dollara qiymətləşmişdik. Tiflisdə onu bazarın yanında qoyub gedib dərman almışam, oradan da gedib qızıl alıb gəlib maşına oturmuşam. Məni tutandan sonra bildim ki, MTN-çilər məni güdüblər. Sanki qatı cinayətkaram.

Taksi sürücüsü Əli Əliyevi də mənimlə əlbir olmaqda suçladılar. Dedilər ki, guya biz dəstə üzvləriyik. Bunu ona görə edirdilər ki, guya böyük bir qaçaqmalçı dəstəni tutublar, bizdən pul qoparsınlar. Mənə həbsdə olduğum 6 ayın 3 ayını ailəmlə danışmağa imkan vermədilər. Taksi sürücüsü isə 6 ay uşaqları ilə danışa bilmədi. Mənə ailəm vəkil tutmuşdu. Vəkil MTN-ə gəldi, amma Yasin Məmmədov ona cinayət işi ilə tanış olmağa imkan vermədi. Özlərinin təyin etdiyi “paykovı” vəkilin ümidinə qaldım.

Təsəvvür edin ki, mənim bədənim qəlpə içindədir. Kəlbəcər, Ağdərə, Laçında döyüşmüşəm. Mən 1992-ci il mayın 8-də Ağdərənin Narınclar kəndində “İqla” raketindən Ermənistanın “AN-24” təyyarəsini vurmuşam. Bundan bir neçə gün sonra 2-ci erməni təyyarəsini vurmuşam. 4 tank da vurmuşam. Kəlbəcərin polis rəisi və komendantı Nizami Məmmədov məni yaxşı tanıyır. Bilir ki, mən hansı əməliyyatları həyata keçirmişəm. Kəlbəcərdən qızıl mədənindən Ermənistana gedən dəmir yolunu şəxsən partlatmışam. Erməni qızılı daşıyıb satırdı, əvəzinə silah alıb üstümüzə hücuma keçirdi.

Ağdaban hadisəsində düşmənin arxasında olmuşam, orada diversiya törətmişəm. MTN-in həkimləri bədənimdə 48 qəlpə, 2 güllə yarası sayıb işə əlavə elədilər. Psixoloji durumumu isə 4 ay sonra yoxladılar”.

Şahid ifadəsini davam etdirərək deyib ki, bundan sonra cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərlib: “Məhkəmədə qardaşlarıma demişdilər ki, məsələnin həlli yolu var, amma MTN-dən razılıq verilməlidir ki, həll edək. Hakim ortada olan adamlar vasitəsi ilə 70 min manat pul tələb etmişdi. Demişdi ki, ittiham aktını təsdiq edən şəxsdən də razılıq alınmalıdır. İttiham aktında Yasin Məmmədovla baş prokurorun 1-ci müavini Rüstəm Usubovun imzası vardı. Ona görə də qardaşım Gəncədə yaşayan Rüstəm Usubovun yaxın qohumu ilə əlaqə saxlamışdı. O da 5 min manat qarşılığında məsələni həll edə biləcəyini demişdi. Bazar günü idi, mən Gəncə İstintaq Təcridxanasında oturub məhkəmənin nə zaman yekunlaşacağını gözləyirdim.

Bir da baxdım ki, nəzarətçi gəldi, dedi ki, hazırlaş, paltarlarını da yığ, səni məhkəməyə göndərirlər, yəqin ki, azad olunacaqsan. Məni Gəncə Ağır Cinayətlər Məhkəməsinə apardılar. Orada dedilər ki, Baş Prokurorluqdan, MTN-dən razılıq alındı, sənə “yaşıl işıq” yandırıldı. Məhkəmə oldu, o zaman iş üzrə “şərikim” kimi təqdim olunan sürücü Əli Əliyevi gördüm. 9 ay idi ki, Əlini görmürdüm. Əli məhkəmədə mənə qarşı çox qəzəbli idi. Ona da mənimlə bərabər qaçaqmalçılıq ittihamı verilmişdi. Halbuki Əlinin heç nədən xəbəri yox idi. Məhkəmə cəmi 10 dəqiqə çəkdi, bizə şərti cəza verib azad etdilər. Orada məhkəməni yarımqapalı keçirdilər. 3 ay məhkəmədən sonra məni və heç bir günahı olmayan Əli Əliyevi 5 il şərti cəzaya məhkum etdilər”.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov