27 Oktyabr 2022 13:22
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmə, dələduzluq və rüşvət almaqda ittiham olunan Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov, Gözəl Mustafayeva və Amal Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxs ifadə verib.

Rahil Nəcəfov bildirib ki, 2018-ci ildə jurnala baş redaktor təyin olunub: “Mən baş redaktor təyin olunada redaksiya bərbad vəziyyətdə idi. İşçilər işə gəlmirdilər, kollektiv qohum-əqrəbadan ibarət idil. Biz müstəqil fəaliyyət göstərirdik. Mən jurnala rəhbər gətiriləndə Cəsarət Valehovla (Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri – red.) bu bardə razılşamışdıq. Çünki biz Cəsarət Valehivun kurasiyasında idik.

Əvvəlki rəhbərdən redaksiyanı təhvil alanda təhvil-təslim işləri aparmamışdım. Redaksiyaya rəhbər gələndən sonra hər şeyə cibimdən pul xərcləməli oldum. Jurnalı inkişaf etdirmək üçün bacarıqlı işçilər dəvət etdim”.

Rahil Nəcəfovun sözlərinə görə, ondan əvvəl jurnalda elmi məqalələr yox, orta məktəb səviyyəli yazılar dərc edilirmiş.

Bildirib ki, redaksiyaya xərclədiyi pulların nazirlik tərəfindən ödəniləcəyinə söz verilib. Bundan başqa, daha iki redaksiya onun rəhbərliyinə verilib: “Bu işlərin öhdəsindən gəlmək üçün müxtəlif dostlardan borca pul almalı oldum. Biz o dövrdə nazir müavini olan Elnur Məmmədova tabe idik. Elnur Məmmədov, Cəsarət Valehov gəlsinlər, ifadə versinlər. Mənim necə pul xərclədiyimi desinlər.

Nazirlik redaksiyanın kommunal ödənişlərini də etməyib. Halbuki ödəməli idi. Belə olan halda nazirlik necə iddia edə bilər ki, pul mənimsənilib? Belə mənimsəmənin olması mümkün deyil. Digər tərəfdən, iddia olunur ki, işçilərin əməkhaqları mənimsənilib. Bu da mümkün deyil. Çünki bütün işçilərin əməkhaqqı kartları özlərində olub”.

Rahil Nəcəfov deyib ki, nazirlik tərəfindən redaksiyaya 14 min manatlıq dəstərxana ləvazimatları alınıb: “Bu puldan heç nə mənimsənilməyib. Nazirlik gəlsin, sübut eləsin ki, həmin pul mənimsənilib. Bu ittiham biabırçılıqdır. Mənim düşdüyüm vəziyyət də çox acınacaqlıdır. Özümü mənimsəmə ittihamı üzrə təqsirli bilmirəm”.

Rahil Nəcəfov qeyd edib ki, jurnalın 3 dildə saytını yaradıblar və buna öz şəxsi hesabından 10 min manat xərcləyib.

Daha sonra ifadə verən zərərçəkmiş Akif Vəliyev deyib ki, elmlər doktorudur, təqsirləndirilən şəxsi birbaşa tanımır. Qeyd edib ki, məqaləsinin çapı üçün tanışı Qalib adlı şəxs vasitəsi ilə 850 manat verib. Pul versə də, məqaləsi çap olunmayıb.

Digər zərərçəkmiş Qalib Hacıyevin sözlərinə görə, həm Akif Vəliyevin, həm də özünün yazısının çap olunması üçün Zaur müəllimlə görüşüb. O, digər zərərçəkmiş Akif Əliyevin məqaləsinin çapı üçün pulu Zaur müəllimə verdiyini deyib: “Mən bu işdə ancaq Zauru tanımışam. Təqsirləndirilən şəxsi görməmişəm, onu tanımıram. Zaur isə pulu məqalənin çapı üçün kiməsə verəcəyini dedi”.

Zərərçəkmiş bildirib ki, özünün də məqaləsinin çap olunması üçün Zaura pul verib. Amma məqalələr çap olunmayıb.

Növbəti proses noyabrın 4-də davam edəcək.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəyib.

Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində asparılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli midqrda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Oruc Söhrab oğlu Əliyev, Rasim Əşrəf oğlu Hüseynov, Xəyalə Akif qızı Məmmədova, Lütviyyə Süleyman qızı Əsgərzadə, Şəfaqət Abdulla qızı Mahmudova, Yeganə Qürvər qızı Qəhtrəmanova, Nəsir Cavanşir oğlu Hüseynov, Qalib Bəhram oğlu Hacıyev, Nigar Oktay qızı Məmmədova, Mərziyyə Allahyar qızı Nəcəfova, Vüsalə Hacı qızı Musayeva, Ülkər Vaqif qızı Neymətova, Pəravən Hacı qızı Məmmədova, Arif Alim oğlu Əsədov, Şəfa Tiflis oğlu Əliyeva, İradə Nizam qızı Avşarova, Nərman Əzizi oğlu Paşayev, Akif Həmzə oğlu Vəliyev, Esmira Seyfəl qızı Fuad, Bəbir Şərqi oğlu, Quliyev, Asif Xanoğlan oğlu Qədirov və Kamran Şahverən oğlu Kazımov zərərçəkmiş qismində tanınıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər