Bakıda çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirləndirilən Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən Gülara Abdullayeva prosesə sədrlik edən hakim Azad Məcidova etiraz edib. O, işə bu hakimin baxmasını istəmədiyini deyib. Məhkəmə etirazı əsassız hesab edib və rədd edilib.
Məhkəmə baxışı dekabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunublar.
Müəyyən olunub ki, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və digər şəxslər ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar.
Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.
Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.
Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.
Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif ediblər, ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.
Gülara Abdullayeva, Xəyal Yaxyayev və Yeganə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.