9 Fevral 2023 11:50
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmənin tərkibindən döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Bəxtiyar Şıxıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fərid Namazovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin edilib.

İttihama görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri aparılıb.

Aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Bəxtiyar Şıxıyevin ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.

Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.


Müəllif: Hacı Zeynalov