Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Hüseyn Səfərov çıxış edib.
Zərərçəkmiş bildirib ki, müttəhimlər məhkəmə dövründə yalan danışıb, dövlətə, istintaq orqanına, məhkəmələrə, zərərçəkənlərə iftira, şər atıblar: “Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəmədə də, burada da deyir ki, guya məni tanımır, mənimlə kabinetində dəfələrlə görüşməyib. Mən Qurana and içirəm ki, saxlandığım günün səhəri Mövlam Şıxəliyev məni müstəntiq və Vüsal Ələkbərovla birgə qəbul edib. Məni məcbur edib 1 milyon sözünü aldılar. Gördülər ki, 1 milyon söz verirəmsə, qaldırdılar 3 milyona. Bizi 2008-ci ilin oktyabrında saxlayıblar, Mövlam Şıxəliyev həmin ilin martında MTN İstintaq Baş İdarəsinə rəis təyin olunub. Ona görə də yalan danışır ki, guya mən saxlanılanda, ümumiyyətlə rəis olmayıb. Guya məni heç görməyib. Saxlanıldığım müddətdə 3 dəfə Mövlam Şıxəliyevlə görüşmüşəm. Bir dəfə saxlanılan günün səhəri, bir dəfə buraxılmağıma 10 gün qalmış Vüqar Əliyevin otağında, bir də buraxıldığım gün Vüsal Ələkbərov sənədlərimi təcridxanaya gətirdi, imza atdırdı. Sonra dedi ki, Mövlam Şıxəliyev səni çağırır. Onun yanına getmişik. Mənə dedi ki, 1 milyon 650 min çatıb, 350 mini nə vaxt gətirirsən? Mənimlə hədə ilə danışırdı.
Dedi ki, pulu verməsən, məsələ başqa cür olacaq, bir yerdə bu haqda danışsan, bizdən incimə. 30 il əvvəl videokamera, mobil telefon yox idi, istintaq gedib gizli şəkildə törədilən cinayətlərin üstünü açmırdı? Bunlar deyirlər ki, telefon danışığı yoxdur, video yoxdur, belə şey də olmayıb. Boş-boş danışırlar. Vüsal Ələkbərovun otağında oturmuşdum, 3 nəfər ora gəldi. Böyük-böyük “klyok”lar götürüb getdilər ki, oğlun gəlib, pul gətirib. Getdilər oğlumdan pulu almağa. Düşüblər aşağı, gedib 7-10 dəqiqə sonra pulu oğlumdan alıb gəldilər. Əllərindəki “klyok”lar boş idi. Oğlum pulu idman çantasında gətirmişdi. Gəlib kabinetdə çantanı açdı, sevindiyindən sifəti gülürdü. Öz otağından Mövlama zəng elədi, dedi ki, Hüseynin oğlu gəlib. O da yanına çağırdı. Vüsal Ələkbərovun pulu aparıb onun kabinetinə qoyub qayıtmağı 2-3 dəqiqə çəkdi. Ailəm o pulu yığmaq üçün Naxçıvandakı evimi satıb, 3 uşağımın evləri banka girov qoyulmaqla kredit götürülüb. Məni həbsdən buraxandan sonra Vüsal qalan 350 mini istəyirdi. Dedim ki, 1 evim var, onun da üzərinə həbs qoymusuz. Dedi ki, məktub verim, get həbsdən çıxar, sat. Nətər oldu, elə bunların hamısı bir vaxta düşdü? Müstəntiq də Mamed Musayevin oğlu idi. Onu da Vüsal qoşdu yanıma, Səbail rayon Məhkəməsinə getdik. Hakim Rauf Hüseynov idi. Getməyimizlə 5 dəqiqəyə qərar çıxardı, evi həbsdən çıxardı. Mən də evi 300 minə satdım. Bu gün də evimin əşyalarını kirayədən-kirayəyə daşıyıram. Bunu Allah götürər? Vüsal da, Mövlam da bunları çox yaxşı bilirlər”.
Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyev vəkili vasitəsi ilə ona şikayətini geri götürmək üçün “Çobanbulaq” İstirahət Mərkəzinin yarısını təklif edib: “Dedim necə verirsiz? Dedi ki, götür, Akif Qurbanovla bölərsən. Mən dedim ki, istəmirəm. Bu qədər var-dövləti Mövlam Şıxəliyev haradan alıb? Deyir ki, guya 1994-cü ildən ailə biznesi olub. Guya baldızı oğlu Babaşla şərik olublar, 2014-cü ilə qədər şərikli biznesləri davam edib. Belə çıxır ki, Mövlam Şıxəliyevin polisdən çıxıb 2004-cü ildə MTN-ə gəldiyi zaman milyonları olub? Belə deyil. Qaradağ polisində təhqiqatçı işinə keçmək üçün ondan 5 min manat pul istəyiblər. Həmin pulu 3 aya düzəldib verə bilməyib. İndi də Babaşla şərikli biznesləri haqda nağıl danışır. Bunların əllərində olan pullar mənim övladlarımın evlərinin pullarıdır, mənim kimi adamlardan alınan pullardır. Bizim pullardan 1 faiz yeyənin belə burnundan gəlsin”.
Hüseyn Səfərov Mövlam Şıxəliyevin cinayətləri barədə film çəkdirdiyini bildirib: “Sovet dövrü olsaydı, bunlara birbaşa güllələnmə hökmü çıxarılardı. Möhtərəm Prezident MTN-ni dağıdıb, oranı quldur yuvası adlandırıb. Bunlar prezidentin sözlərindən belə nəticə çıxarıb cinayətərini etiraf etmirlər. Məhkəmə gedən dövrdə Mövlam Şıxəliyev mən də daxil olmaqla bir neçə zərərçəkənin pulunu ödəməyə cəhd edib. Vəkili Arzu Cavadov vasitəsi ilə belə təklif verib. Deyib ki, pulunuzu Eldar Mahmudov verəcək. Məndə səs yazısı da var. Mən də məhkəmədə Mövlam Şıxəliyevə yaxınlaşmışam, soruşmuşam ki, vəkilin deyir ki, pulumuzu Eldar Mahmudov ödəyəcək. Bu düzdürmü? Mövlam da cavab verib ki, kişinin sözü bir olar. 2 dəfə Eldar Mahmudovla görüşmək üçün bağına getmişəm. Yanımda zərərçəkən Əfsəl Həsənəliyev də olub. Eldar Mahmudov da xəbər göndərib ki, mənimlə tək görüşə bilər. Görüşmüşük, deyib ki, bu işlərdə onun əli yoxdur, bu işləri görən Mövlam Şıxəliyevdir”.
Hüseyn Səfərov çıxışının sonunda müttəhimlərə ittiham üzrə ən ağır cəzanın verilməsini, xüsusi müsadirə üçün istintaq zamanı üzərinə həbs qoyulan bütün əmlakların müsadirə edilməsini xahiş edib.
Zərərçəkən Əfsəl Həsənəliyev Mövlam Şıxəliyev və digər 3 müttəhimi Azərbaycan vətəndaşlarına qarşı sui-qəsd etməkdə ittiham edib: “Ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal edib o əraziləri talan etdikləri kimi bunlar da eynisini Bakıda təkrarlayıblar. Bunlar Azərbaycan vətəndaşını girov götürüb malını, mülkünü talan edib. Sizin şəxsən törətdiyiniz hər bir hadisə taleyinizdə qalacaq. Siz bu xalqa düşmən olmusuz. Yarıtmaz fəaliyyətlə məşğul olmusuz”.
Hakim zərərçəkəni dayandıraraq iş üzrə konkret danışmasını istəyib.
Zərərçəkmiş Əfsəl Həsənəliyev qanunsuz həbs olunduğunu deyib. Bildirib ki, əlində Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayevin məktubu var: “Həmin məktubu o, Mövlam Şıxəliyevə yazıb. Yazır ki, mal gömrük nəzarəti altında tranzit olaraq Azərbaycan ərazisindən keçməklə İrana gedir. Bu məktub işin içində də var, sizə də təqdim edəcəyəm. Bunların bizim malı qaçaqmal kimi saxlamaları qanunsuz idi. Ona görə də gömrük nəzarəti altında Azərbaycan ərazisindən keçən malı zorla gömrükçülərin əlindən alıblar. İlk gündən də bizdən pul tələb ediblər”.
Əsfəl Həsənəliyev deyib ki, qanunsuz olaraq həbsdə alınmaqla ondan külli miqdarda pul alıblar. Əfsəl Həsənəliyev bildirib ki, evini “Unibank”a girov qoymaqla 55 min dollar kredit götürüb və Yasin Məmmədova verib. Onun sözlərinə görə, evi bu gün də bankın girovluğundadır.
Digər zərərçəkmiş Sərdar İsmayılov məhkəmədən Yasin Məmmədova daha ağır cəza təyin olunmasını istəyib: “Yasin Məmmədov dünyada ən təhlükəli, ağır cinayətkar bir insandır. Yalandan deyir ki, oğlum ofisiant işləyir. MTN-də saxlanıldığım dövrdə mənə A4 vərəqdə 10 nəfərin adı olan siyahıya imza atdırmaq istəyirdi. Dedim bu nə kağızdır. Dedi ki, sən hal şahidi olmusan. Mən də imza atmadım. Özünə də dedim ki, bir gün mən buradan çıxacağam, qayıdıb gələndə sənin üzünə kislota atacağam ki, evdə ailə-uşağın kim olduğunu bilsinlər. Nəzarətçilərə tapşırdı, gəlib məni apardılar. Bu adamın pula görə eləmədiyi işlər qalmayıb. Ən böyük istəyim Allahdandır, Allah bunun bəlasını versin!”
Hakim:
- Kənara çıxmayın!
- Kənara çıxmıram. Mən buna görə söyüşlər, təhqirlər eşitmişəm. Bu gün bu burada rahat oturub. Apellyasiya şikayətimi, apellyasiya şikayətimə əlavəni dəstəkləyirəm.
Yasin Məmmədov:
- Mən münasibət bildirim. Bu adam mənə qarşı qərəzlidir.
Hakim:
- Dayandır!
Sərdar İsmayılov:
- Mən qərəzli deyiləm, səninlə düşmənəm. Sənə görə mənim ailəm dağılıb. Qərəz heç bir şeydir, düşmənəm, düşmən. Bunu yadında saxla!
Növbəti proses aprelin 3-də davam edəcək.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.