Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Teleqraf.com xəbər verir ki, hazırlıq iclası aprelin 17-nə təyin edilib.
Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsininə göndərilib. İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmməfovanın icraatına verilib.
İttihama görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.
Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.
Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.