11 Aprel 2023 13:15
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə əlaqədar qərardan verilən protestlə bağlı bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Ali Məhkəmənin icraatında olan iş üzrə iclasın təxirə salınmasına səbəb eyni qərardan bir neçə gün əvvəl protest verilməsidir. Şikayət və protest eyni qərardan olduğu üçün onlara bir yerdə baxılacaq.

Xatırladaq ki, Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş kassasiya şikayəti üzrə bu günə təyin olunmuş məhkəmə prosesi də təxirə salınıb.

Qeyd edək ki, ötən ilin sonlarında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarov və Səlim Məmmədovun əmlaklarının xüsusi müsadirədən azad olunması bağlı qərar qəbul edib.

Qərara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub.

Baş Prokurorluq isə Akif Çovdarov və Səlim Məmmədun müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə qərardan kassasiya protesti verib.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər