19 Aprel 2023 14:57
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə ittihamlar məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əvəz Zeynallı Elnur Şükürov və Teymur Rəhimov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında güman edilən təsir imkanlarından istifadə edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (köhnə adı “Azəryolservis” ASC) tərəfindən 2010-2015-ci illər ərzində həyata keçirilən “Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun tikintisi” layihəsi ilə əlaqədar Nağı İsmayılov ona məxsus əmlakın Yevlax rayonunun Aşağı Qarxun kəndinin inzibati ərazisində yolun tikinti sahəsinə düşən hissəsinə görə hesablanmış 3500 manat məbləğində kompensasiya ilə razılaşmayıb və kompensasiyanı almaqdan imtina edib.

O, yanacaq doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi, əldən çıxmış gəlirin hesablanmasına dair iddia tələbi ilə əvvəlcə Şəki İnzibati Məhkəməsinə, daha sonra Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edib, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarından narazı qaldıqda 2021-ci ilin iyun ayının əvvəllərində Əvəz Zeynallıya müraciət edib.

Qeyd edilən mülki mübahisənin ictimailəşdirilməklə xeyrinə həll olunmasına köməklik göstərməsini xahiş edib.

Əvəz Zeynallı Nağı İsmayılovu özünün baş redaktoru və rəhbəri olduğu “Xural TV” adlı kanalın redaksiyasında təşkil edəcəyi canlı yayıma dəvət edib, şikayəti ilə bağlı orada danışacağını bildirib. Razılaşmanın nəticəsi olaraq o, “youtube.com” sosial şəbəkəsində olan Xural TV-də 16 iyun 2021-ci ildə Nağı İsmayılovu həmin verilişlərinə qonaq qismində dəvət edib, mülki qaydada məhkəmədə baxılmış müraciətini ictimailəşdirib, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin rəhbər vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri ilə bağlı tənqidi fikirlər səsləndirib, bunu geniş internet istifadəçiləri arasında yayıb.

Bundan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin inzibati binasına gəlib, orada Nağı İsmayılovun məhkəmə işi ilə əlaqədar agentliyin rəhbər vəzifəli şəxsləri ilə görüşmək istədiyini bildirib. Müraciətin nədən ibarət olmasını öyrənmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahbaz Qasımov onu agentliyin inzibati binasında olan xidməti otağında qəbul edib. Əzəv Zeynallı özünü nüfuzlu jurnalist olmaqla geniş oxucu kütləsinə malik şəxs kimi təqdim edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsi barədə dəfələrlə verilişlər aparması, sonuncu verilişlərinin Nağı İsmayılovun iştirakı ilə apardığını və geniş izləyici kütləsinin narazılığına səbəb olduğunu bildirib, Şahbaz Qasımova gələcəkdə də, eyni məzmunlu verilişlər hazırlamaqla Dövlət Agentliyindən narazı olan bütün şəxsləri efirə çıxaracağını, Şahbaz Qasımovu və Dövlət Agentliyinin bütün vəzifəli şəxsləri, habelə hüquqi şəxs qismində Dövlət Agentliyinin özünün işgüzar nüfuzunu ləkələyəcəyini, barələrində rüsvayedici məlumatlar yaymaqla ictimaiyyətdə onların fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdıracağını deyib.

Şahbaz Qasımova 8.000 manat məbləğində pul vəsaitinin ona verildiyi halda rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə əlaqədar onun və Dövlət Agentliyinin digər vəzifəli şəxslərinin xeyrinə edəcəyi hərəkətə görə, yəni Nağı İsmayılovun şikayəti ilə əlaqəli hər hansı verlişlər hazırlamayacağını, habelə bu mövzuda agentliyin vəzifəli şəxslərinin barəsində çıxışlar etməyəcəyinin, eləcə də, Şahbaz Qasımovun özü barədə rəhbərlik etdiyi redaksiyaya daxil olmuş çoxsaylı şikayət xarakterli məlumatları xəbər portalında yaymayacağını bildirib.

Hədə-qorxunu real qəbul edən Şahbaz Qasımov onunla razılaşıb və 25 iyun 2021-ci ildə saat 17 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin inzibati binasında yerləşən xidməti otağında 8.000 manat məbləğində pulu Əvəz Zeynallıya təqdim edib.

Bundan başqa, Əvəz Zeynallı dostluq münasibətində olduğu Elnur Şükürovla əlaqə saxlayıb. Elnur Şükürov ona 2022-ci ilin yanvarında tanışı Teymur Rəhimovun qohumu Nəzakət Cəfərovanın yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllədəki mənzilin arxa tərəfində olan boş torpaq sahəsinin onun xeyrinə özəlləşdirilərək orada iaşə obyekti - mağaza tikilməsi üçün Sumqayıt şəhəri icra hakimiyyətindən müvafiq icazənin alınmasına kömək göstərməsi ilə bağlı xahişini çatdırıb.

Teymur Rəhimov tərəfindən Nəzakət Cəfərovadan 9 noyabr 2021-ci ildə alınmış 7000 manat, 11 noyabr 2021-ci ildə alınmış 70 manatı həmin məsələnin həll olunması müqabilində aralarında böləcəklərini vəd edib.

O, Elnur Şükürova “Youtube.com” internet platformasında qeydiyyatdan keçirdiyi Xural TV kanalı ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da təsir imkanından istifadə edəcəyini deyib.

Əvəz Zeynallının Elnur Şükürova verdiyi tapşırığa əsasında Teymur Rəhimov vasitəsi ilə 2022-ci ilin fevral ayının istintaqla müəyyən edilməyən günündə Nəzakət Cəfərovadan əlavə olaraq 4.000 manat məbləğində pul alıb, eyni zamanda əldə edilmiş pulun məbləği ilə bağlı Elnur Şükürov onu məlumatlandırıb.

Əvəz Zeynalov sosial şəbəkədə yayımlanan Səda TV və Xural TV internet kanalının adından, habelə özlərinin güman edilən təsir imkanlarından yararlanmaqla 2022-ci ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən gündə cinayətdən xəbərsiz özünün tanışı olan vəzifəli şəxs vasitəsilə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı ilə əlaqə yaradıblar.

Onlar Nəzakət Cəfərovaya boş torpaq sahəsinin özəlləşdirilərək iaşə obyekti tikilməsinə dair icazə verilməsini xahiş ediblər və bu barədə qərarın qəbul edilməsinə qanunsuz təsir göstəriblər. Elnur Şükürov vasitəsi ilə Nəzakət Cəfərovaya qərarın icrası ilə bağlı tələb olunan həmin sənədlərin hazır olduğunu, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən götürməsini bildirib.

Nəzakət Cəfərova isə 2022-ci ilin martında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinə gedərək idarədə kargüzar işləyən Gülşən Zamanovadan qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı 17 mart 2022-ci il tarixli 124 nömrəli sərəncamı və layihə sənədlərini əldə edib.

Bundan başqa, Elnur Şükürov Əvəz Zeynallıya 2022-ci il fevralın əvvəllərində dostu Ruslan Vəliyevin Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən evinin qarşısında iaşə obyekti - mağaza tikmək üçün Sabunçu rayon icra hakimiyyətindən icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini çatdırıb.

Eləcə də, həmin il fevral ayının 11-də tikinti aparılacaq ərazinin fotoşəkilini, habelə Telman Vəliyev haqqında məlumatları “Whatsaap messenger” mobil telefon tətbiqi vasitəsilə ona göndərib, icra hakimiyyətinin başçısından bu məsələnin həll olunmasına dair köməklik göstərilməsi üçün müraciət etməsini xahiş edib.

Əvəz Zeynallı Elnur Şükürova “Youtube.com” internet platformasında qeydiyyatdan keçirdiyi Xural TV adlı kanalı və xəbər saytı vasitəsi ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da istədikləri razılığı ala biləcəyini qeyd edib.

Əvəz Zeynnalı qulluq mövqeyindən istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya tikintinin aparılmasına icazənin verilməsi qarşılığında Sabunçu rayonu İcra Hakimiyyəti Başçısı Adil Vəliyevə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ruslan Vəliyevin xeyrinə bilə-bilə qanunsuz qərarın qəbul edilməsi məqsədilə 7.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu ona bildirib, Elnur Şükürova tapşıraraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib.

Elnur Şükürov Əvəz Zeynallının tapşırığı əsasında 2022-ci ilin fevral ayının ortalarında tanışı Ruslan Vəliyevlə əlaqə saxlayıb və Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən evinin qarşısında iaşə obyekti - mağaza tikmək üçün Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevdən razılıq alındığını, bunun üçün vəzifəli şəxslərə 7.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu bildirib. Ruslan Vəliyev isə bununla razılaşıb.

Bundan sonra Əvəz Zeynallı dələduzluq yolu ilə ələ keçirmək istədikləri pul vəsaitindən Adil Vəliyevə vermək niyyəti olmadan tanışlıq münasibətlərindən istifadə edib və 2022-ci ilin fevral ayının əvvəllərində Sabunçu rayon icra hakimiyyətinin başçısının istifadəsində olan mobil telefon nömrəsinə zəng edib.

O, Telman Vəliyevin onun qohumu olmasını və ona Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən evinin qarşısında iaşə obyekti - mağaza tikintisinin aparılması üçün hər hansı sənədləşmə aparılmadan qanunsuz icazə verməsini xahiş edib.

Daha sonra Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən torpaq sahəsində iaşə obyekti – mağazanın tikintisinə maneə olunmamasına dair Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Hüseynova tapşırığın verilməsinə və nəticədə tikintinin 2022-ci ilin fevral ayının sonlarında başa çatdırılmasına nail olub. Həmin ərəfədə Elnur Şükürov Ruslan Vəliyevlə görüşüb və ondan 7.000 manat məbləğində pul alıb.

Bundan başqa, Əvəz Zeynallı Elnur Şükürovla telefon vasitəsi ilə əlaqə saxlayarkən ona daşınmaz əmlak alqı-satqısında vasitəçi xidməti göstərən tanışı Salman Nəsrullayevin Hövsan qəsəbəsində İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişməsində yerləşən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2017-ci il tarixli 603 nömrəli sərəncamı ilə İdman-Sağlamlıq tikintisinin lahiyələndirilməsi üçün “Yaşıl Mənzərə” MMC-nin istifadəsinə ayrılmış 1.62 hektar torpaq sahəsinin icarə hüququnun satılmasına vasitəçilik etdiyini, lakin ayrılan ərazinin faktiki olaraq 1.5 hektar olduğu və həmin torpaq sahəsinin 5768.4 kv metr hissəsinin və içərisində 168 kv metr ölçüdə tikilinin Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfat Departamentinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olmasını, qeyd olunan daşınmaz əmlakın özəlləşdirmə prosesinə etirazının olmaması barədə icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini çatdırıb.

Əvəz Zeynallı isə Elnur Şükürova Xural TV adlı kanalı və xəbər saytı vasitəsi ilə etdiyi tənqidi çıxışlarına görə çoxsaylı rəhbər şəxslərin onun sözünü eşitdiyini, bu əsasla da həmin güman edilən təsir imkanından istifadə edib, həmin sənədin alınmasını ona pul vəsaiti verilməsi müqabilində təşkil edə biləcəyini bildirib. Hazırladıqları cinayətkar sövdələşməyə və Elnur Şükürova verdiyi tapşırığa uyğun olaraq sonuncu 2022-ci ilin may ayında tanışı Salman Nəsrullayevə zəng edib, qeyd olunan torpaq sahəsinin içərisində olan tikili ilə birlikdə özəlləşdirilməsinə etirazın olmaması ilə bağlı rəsmi sənədin Suraxanı rayon icra Hakimiyyətində işləyən səlahiyyətli vəzifəli şəxs olan tanışlarından xahiş edərək alınmasının mümkün olacağını, bunun müqabilində 120.000 manat pul verməli olduğunu bildirib.

Salman Nəsrullayev isə 120.000 manat pulun çox olduğunu, 50.000 manat pulun müvafiq razılıq məktubu alınan zaman 40.000 manat pulun isə torpağın satışından sonra olmaqla, cəmi 90.000 manat pul verə biləcəyini bildirib.

Planın davamı olaraq Elnur Şükürov Əvəz Zeynalının tapşırığı əsasında 6 iyun 2022-ci ildə, səhər saatlarında tələb edilən sənədin hazırlanması məqsədilə Suraxanı rayon İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsi ilə görüşüb. O, Əvəz Zeynalının və özünün adından Suraxanı rayonu ərazisində yerləşən 5768.4 kv metr və içərisində 168 kv metr ölçüdə tikilinin özəlləşdirilməsinə etirazın olmaması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmalı olan məktubun hazırlanması ilə bağlı müvafiq götərişin verilməsini xahiş edib.

Bu barədə həmin rəhbər vəzifəli şəxs tərəfindən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Mais Məmmədova müvafiq göstərişin verilməsinə nail olub.

Daha sonra Əvəz Zeynallının tapşırığı əsasında Elnur Şükürov 6 iyun 2022-ci ildə, saat 10-11 radələrində Suraxanı rayon mənzil Kommunal Təsərrüfatı birliyinin inzibati binasına gedib, Səda TV və Xural TV internet kanalının adından, habelə özlərinin güman edilən təsir imkanlarından yararlanıb birliyin rəisi Mais Məmmədova qeyd olunan məktubun hazırlanmasını xahiş edib, bu barədə qərarın qəbul edilməsinə qanunsuz təsir göstərib.

Plana uyğun olaraq Elnur Şükürov həmin gün saat 12 radələrində “Neftçilər” parkının yaxınlığında Salman Nəsrullayevlə görüşüb, ondan 50.000 manatı alıb və yenidən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qayıdıb. O, Mais Məmmədovun adından tərtib edilən, imza və möhürü ilə təsdiq olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış, “Yaşıl Mənzərə” MMC-in istifadəsində olan torpaq sahəsinin 5768.4 kv metr sahəsinin və 168 kv metr ölçüdə inşa edilmiş tikilinin özəlləşdirilməsinə etirazın olmamasına dair 6 iyun 2022-ci il tarixli məktubu götürüb.

Daha sonra həmin məktubu Salman Nəsrullayevə çatdırıb. Əldə etdikləri pulu isə aralarında bölüblər.

Qeyd edək ki, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər