27 İyul 2023 11:43
7 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya vətəndaşı Greer Christopheridindən hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Elnarə və Yasəmənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edilib.

İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Greerin barəsində rusvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər.

Elnarə ötən il martın 26-da Greeri Fəvvarələr meydanının yanında görüb. İngiltərə vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Elnarə həmin kişini mənzilə aparıb. Orada Yasəmənlə birlikdə yatağa giriblər.

Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Greerinin çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Greeridən 205 min 823 manat alıblar.

İstintaq orqanı tərəfindən Elnarənin barəsində Cinayət Məcəlləsinin 1782.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmən isə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheri Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.

İttihama münasibət bildirən Elnarə özünü qismən təqsirli bilib. O deyib ki, zərərçəkmişə hədə-qorxu gəlməyib, ondan hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməyib və almayıb. Zərərçəkmişə qarşı dələduzluq edib, onun etibarından sui-istifadə yoluyla pul alıb. Həmin məbləğ də ittihamda yazılan qədər olmayıb.

O, məhkəmədə həqiqətin araşdırılmasını istəyib. Qeyd edib ki, bu işdə Yasəmənin heç bir günahı yoxdur.

Digər təqsirləndirilən Yasəmən isə ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra hakim istintaqının aparılması qaydasını müzakirəyə çıxarıb. Zərərçəkmiş şəxsin nümayəndəsi Orxan Zeynalov bildirib ki, müvəkkili Greeri bir neçə günə ölkəni tərk edəcək. Vəkil Greerinin dindirilməsi ilə məhkəmə istintaqının başlanılmasını təklif edib.

Prokuror və təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz etməyiblər. Hakim isə prosesin əvvəlində zərərçəkmişin, sonra təqsirləndirilən şəxslərin və şahidlərin dindirilməsi ilə məhkəmə prosesinin davam etdirilməsi, sonda sənədlərin araşdırılması ilə işə yekun vurulması barədə qərar qəbul edib.

Daha sonra zərərçəkmiş Greeri ifadə vermək üçün kürsiyə dəvət olunub. Tərcüməçinin iştirakı ilə ifadə verən Greeri bildirib ki, 2022-ci il martın 26-da iş təklifi almasını yoldaşları ilə birlikdə qeyd ediblər. Həmin məclisdə spirtli içki qəbul edib və sərxoş olub: “Daha sonra məclisi tərk etdim və Fəvvarələr meydanı istiqanmətinə gəldim.

Orada adını sonradan bildiyim Elnarə mənə yaxınlaşdı. İçki içməyi təklif etdi. Mən üstümdə kifayət qədər pul olmadığını bildirdim. Birlikdə evdən pul götürmək üçün taksiyə mindik və yaşadığım mənzilə getdik. Evdən əvvəlcə 300 manat götürdüm və geri qayıtdım. 20 manat taksiyə verdim. Elnarə 300 manatın az olduğunu bildirdi. Evdən 400 manat da götürdüm”.

Zərərçəkmiş qeyd edib ki, Elnarənin mənzilində onun rəsmi sənədləri götürülüb, sənədləri geri qaytarmaq üçün ondan pul tələb ediblər.

Greerinin sözlərinə görə, Elnarə ondan ümumilikdə 211 min manat alıb. Həmin məbləğləri 2022-ci ilin aprelin 13-dən dekabrın 6-dək müddətdə ondan tələb edərək almağa nail olub.

Zərərçəkmiş deyib ki, Elnarənin mənzilində 3 nəfər olublar. Elnarə və Yasəmənlə birlikdə çılpaq yatağa giriblər: “Bizim bu formada fotolarımızı mənə göstərdilər. Bildirdilər ki, həmin fotolardan guya polisin xəbəri olub. Buna görə “fahişəlik” maddəsi ilə iş qaldırılıb. İşin bağlanması üçün ilkin olaraq 2 min manat istədilər. Mən də həmin məbləği onlara verdim. Sonra bu işin notariusda birdəfəlik həll olunması üçün əlavə 2 min manat istədilər. Bildirdilər ki, notariusda işin birdəfəlik bağlanması üçün sənədlər təsdiq olunmalıdır. Mən də həmin məbləğı verdim. Biz bir yerə getdik, guya notariusda iş həll edildi. Orada pulu bir nəfərə verdilər”.

Greeri bildirib ki, bundan sonra Elnarə ona hakimin məbləğlə razı olmadığını, məbləği qaldırdığını deyib: “Məndən hakimə çatması üçün 6 min manat istədilər. O pulu da məndən aldılar”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, daha sonra Elnarə ona çılpaq fotoları göstərib və pul tələb edib: “Əks halda həmin fotoları həyat yoldaşıma göstərcəklərini dedilər. Onlara həyat yoldaşımı tanımadıqlarını dedim.

Elnarə mənə həyat yoldaşımın fotosunu göstərdi, ona tanıdığını söylədi. Mən yenə ona inanmadım. İngiltərədə olan zaman həyat yoldaşımın istifadəsində olan mobil nömrəyə zənglər gəldi. Amma həmin zənglərə cavab verilmədi. Cavabsiz zənglərə baxdığım zaman Azərbayan nömrəsi olduğunu gördüm. O zaman bildim ki, zəng edən Elnarədir”.

Zərərçəkmiş qeyd edib ki, Yasəmənə ümumilikdə Elnarə vasitəsi ilə 3800 manat verib. 2 min manat polisdə işin bağlanması üçün, qalan məbləği isə sınmış telefonuna görə alıblar. O, həmin məbləği Yasəməndən, qalan pulu isə Elnarədən tələb etdiyini deyib.

Prokurorun və vəkillərin suallarını cavablandıran zərərçəkmiş şantaj olunan zaman polisə niyə şikayət etməməsinin səbəbi ilə bağlı deyib: “Bizdə bir işçi var idi. Polisə işi düşdüyü üçün onu işdən azad etdilər. Şirkət polisə işi düşənlərlə işləmək istəmirdi. Onların nizamnəməsində belə bir qayda var. Mən də işimi itirməmək üçün polisə şikayət etmədim”.

Məhkəmə prosesi avqustun 16-da davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər